Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bilməyən uşaqların görüntüləri paylaşılır, tənqid edilir, müxtəlif həll yolları irəli sürülür.
Orta məktəblərdə şagird özbaşınalığına son qoymaq üçün yeni bir qayda hazırlanır. Belə ki, şagirdlərin psixoloji pasportları hazırlanacaq. Bakı Təhsil İdarəsinin rəsmisi İlkin Həsənov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, hazırda bir mexanizm üzərində işləyirik: “Şagirdin psixoloji pasportu deyə işə başlamışıq ki, bütün Bakı şəhərində şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm olsun. Elə bir mexanizm qurmaq istəyirik ki, hansısa bir ailədə boşanma olanda o bizim sistemə düşsün”.
Maraqlıdır, yeni mexanizm necə hazırlanacaq? Psixoloji pasportla şagirdlərin psixoloji durumu necə nəzarətdə saxlanılacaq?
Psixoloq Könül İsmayılova bildirdi ki, son günlər orta məktəblərdə şagird özbaşınalığı ilə bağlı yayılan videolar insanı dəhşətə gətirir: “Sinif şagirdlərinin partanı aşırması, müəllimi saymaması, dərsdə istədiyi kimi hərəkət etməsi həmin şagirdlərin psixoloji probleminin olmasından irəli gəlir. Məktəb psixoloqları bu gün şagirdlərlə maraqlanmır. Şagirdlərin bir qisminin psixoloji durumu normal olmaya bilər, bu işlərlə məktəb psixoloqları məşğul olmalıdır. Şagird ayağını ayağının üzərinə aşıraraq partanın üzərində uzanır. Bu, olmaz, düzgün deyil, bəzən şagirdlər pəncərələri qırır və sındırır. Müəllimdə varsa, şagirddə də olur. Uşaqların psixologiyası zəifdirsə, onu psixoloqa aparmaq lazımdır. Buna da məktəbdə diqqət etmək vacibdir. Psixoloqlar şagirdlərə fikir verməli, onların inkişafı ilə məşğul olmalıdırlar. Yoxsa, indiki məktəb psixoloqları elə işə gəlib-gedirlər, amma şagirdlərin vəziyyəti ilə maraqlanmırlar”.
Həmsöhbətimiz hesab edir ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi, uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilməlidir. Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır: “Məktəb psixoloqu psixoloji durumu normal olmayan şagird müəyyən edərsə, bununla bağlı aidiyyatı qurumlara məlumat verməlidir. Şagirdlər üçün hazırlanacaq psixoloji pasportda da məktəblilərin psixoloji durumu haqqında məlumatlar yer alacaq”.
Günel CƏLİLOVA