Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb. 1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olan H.Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırılıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.
Sağ qadının ölü kimi sistemdə qeydiyyatda olması və bu səbəbdən də onun pensiyasının kəsilməsi narazılığa səbəb olub.
Rəşad Mehdili: “Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb, ancaq…”
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirdi ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir: “Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir. Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb.Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib. Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək”.
Əkrəm Həsənov: “Bu hadisə sənəd saxtakarlığıdır, eyni zamanda vəzifə səlahiyyətlərindən istifadə edilib”
Hüquqşunas Əkrəm Həsənov bildirdi ki, baş verən hadisədə bir neçə cinayət tərkibi var. İlk növbədə sənəd saxtakarlığıdır. Eyni zamanda vəzifə səlahiyyətlərindən istifadə edilib: “Bunu edənlərin məqsədi dövlətdən müvafiq müavinətin alınması olub. Yoxsa şəxs sağ ikən özünü niyə ölmüş yerə qoysun ki? Açıq-aşkar burada hansısa dövlət orqanının sənəd saxtalaşdırılması baş verib. Ola bilər ki, dövlət orqanının özünü də aldadıblar. Halbuki mən bildiyimə görə, vətəndaşın sağ olub-olmamasını dövlət orqanları elektron qaydada yoxlaya bilirlər. Kimsə bu prosesdə saxtakarlıq edib. Böyük ehtimalla dövlət orqanlarının da əli var, saxta ölüm şəhadətnaməsi verib. Ya da bu şəhadətnamə olmadan elektron bazada göstəriblər ki, ölüb. Konkret demək olmur ki, proses necə olub”.
Günel CƏLİLOVA