Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq. Bu, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Yəni, artıq Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcəklər.
Qeyd etdiyimiz kimi, nəzir artıq adəti üzrə deyil nağd şəkildə nəzit qutusuna deyil, elektron şəkildə ödəniləcək. Maraqlıdır, onlayn ya adəti üzrə nəzir qutuları, hansı daha etibarlıdır?
Ceyhun Məmmədov: “Nəzirin onlayn şəkildə ödənilməsi sözügedən sahədə şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək: “Bildiyiniz kimi hazırda ölkədə dini durumla bağlı siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni, Dövlət Komitəsinin müəyyən etdiyi orqan da bu funksiyanı yerinə yetirəcək.
Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Danılmaz faktdır ki, cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Hazırda ölkəmizdə “YAŞAT” Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.
Cəmişid Əliyev: “Elektron şəkildə nəzirin ödənilməsi qaydası dünyanın istənilən yerində var, belə olduğu halda şəffaflıq daha çox qorunur”
Ilahiyyatçı Cəmişid Əliyev qeyd etdi ki, elektron şəkildə nəzirin ödənilməsi qaydası dünyanın istənilən yerində var. Türkiyənin özündə də yardım etmək istədikdə və ya dərnəklərə dəstək vermək məqsədilə vəqflər qurumu yaradılıb. Onlar o vəqflər fonduna vəsaitin hara xərclənəcəyi barədə öz hesabatlarını verirlər. Belə olduğu halda şəffaflıq daha çox qorunur”.
Günel CƏLİLOVA