Piran dağlar diyarı Lerik rayonunda ən çox inkişaf etdiyi kənddir. Son vaxtlar burada dövlət tərəfindən insanların rahatlığı üçün çox iş görülübdür. Piranda görülən işlərdən başqa, hətta Lənkəran şəhərindən kəndə avtobus da işləyir.
Təəssüf ki, kəndin bütün bu inkişafına xələl gətirən bir hal vardır. O da kəndin içində olan işıq dirəkləridir. Belə ki, sallanan naqillər, dibi çürük ağac dirəkləri bir balaca külək əsəndə, yağış yağanda Piranı günlərlə işıqsız qoymaqla, həm də insanların həyatı üçün çox təhlükəlidir. Kənddə elə yer var ki, cərəyan dolu məftillər ağaclara bağlanıbdır.
Piran kənd sakini, şəhidi atası Cəbrayıl Cabbarov deyir: - Artıq acınacaqlı vəziyyət son həddə çatıbdır. Ağac dirəklərinin istismar müddəti çoxdan keçdiyinə görə yararsız hala düşüb, kəndin bəzi yerlərində az qalır elektrik məftilləri adamın başına dəysin. İşıqların da tez-tez sönməsi məhz bu qəzalı vəziyyətlə bağlıdır. İndi il yarımdır qapı qalmayıb döyməyək. Səlahiyyətli adamlar əməli iş görmək əvəzinə, bizi yalan vədlərlə hələ ki, aldadırlar. Artıq səbrimiz tükənib. İşıq bir yana, birinin malını, birinin ailəsini, uşağını elektrik vuranda onda neçə olar... Ölkə başçımız deyir ki, bizim siyasətimiz insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət yetiririk. Qaldı ki, Lerikdə vəzifə tutanlar bunun əksini düşünürlər. Elə bu səbəbdən də Piran kəndinin işıq məsələsi yoluna düşmür. İndi ümid yerimiz yenə yalnız həmişə öz xalqının rahatlığını düşünən ölkə rəhbəridir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü