Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmür. Aylar, illər keçdikcə, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır. Təəssüf ki, şəhid adının əbədiləşdirilməsi məqsədilə qoyulan bəzi abidələrin, tikilən bir sıra bulaqların ətrafında baxımsızlıq ucbatından xoşagəlməz mənzərə yaranıb. Bu mənzərə ilə rastlaşanda çoxumuz, xüsusən də şəhidin yaxınları sözlə ifadə olunmayan sarsıntı keçirir.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində şəhid Ramiz Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkı ilə bağlı narazılıqlar yaranıb. Belə ki, həmin ərazidə yaşayan sakinlər sözügedən parkda atraksionların yığışdırıldığını deyib. Atraksionların öncə təmirlə bağlı aparıldığı deyilsə də, uzun müddət keçməsinə baxmayaraq yenidən quraşdırılmayıb.
Sakinlər iddia edir ki, parkda tikinti işlərinin aparılması üçün hazırlıqlar gedir və həmin ərazidə bina tikiləcəyi ilə bağlı məlumatlar yayılıb.
“Təmir-bərpa işləri yekunlaşdıqdan sonra parkın müasir atraksionlarla təmin edilməsi nəzərdə tutulub”
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, orada heç bir bina tikintisindən söhbət gedə bilməz: “İstismar müddəti bitmiş atraksionlar yığışdırılıb və parkda hazırda mərhələli şəkildə təmir-bərpa işləri davam edir. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra parkın müasir atraksionlarla təmin edilməsi nəzərdə tutulub”.
Günel CƏLİLOVA