Bakının mərkəzi hissəsində küçələr sutkanın qaranlıq saatlarında işıqlandırılsa da, ətraf ərazilər gecələr zülmətə qərq olur. Yaşayış məntəqələrinin yaxınlığında, piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi yollarda axşam saatlarında əksər hallarda ya işıqlandırma olmur, ya da o qədər zəif təşkil olunur ki, elektrik lampaları asıldıqları dirəkləri çətinliklə işıqlandırır.
Bakıətrafı kənd və qəsəbələrin çoxunda isə ümumiyyətlə yolların işıqlandırılması hələ ki, əhali üçün əlçatmaz arzudur. Bu hal daha çox Binəqədidə, Suraxanıda, Abşeron rayonu ərazisindəki küçələrin çoxunda, məhəllədaxili yollarda işıqlandırmanın ümumiyyətlə mövcud olmadığı bəllidir. Rayonlararası magistral yollarda da eyni vəziyyətdir.
Qeyd edək ki, bu problem illərdir müzakirə olunur və bir neçə il əvvəl prezident İlham Əliyev də Bakıda küçələrin işıqlandırılması səviyyəsinin aşağı olduğunu vurğulamışdı, problemin aradan qaldırılması üçün aidiyyatı strukturlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə göstərişlər vermişdi. Ancaq hələ də məlum problem öz həllini tam şəkildə tapmayıb.
“İşıqlandırma ilə bağlı problem tək bölgələrdə deyil, eyni zamanda, paytaxt Bakı yollarında da müşahidə olunur”
Yol hərəkətinin təşkili üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sutkanın qaranlıq saatlarında küçələrin işıqlandırılmaması hərəkət iştirakçıları üçün ciddi çətinliklər, insan həyatı üçün risk yaradır: “Piyada vurulması ilə nəticələnən qəzalarının üçdə ikisi sutkanın qaranlıq saatlarında baş verir. Lakin küçələr lazımi səviyyədə işıqlandırılarsa bu halların təxminən 70 faizinin qarşısını almaq mümkündür. Məlumat üçün qeyd edim ki, yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul edilib. Proqramda qeyd olunur ki, yaşayış məntəqələrinin yolları, küçələri, prospektləri işıqlandırılmalıdır. Dünyanın hər yerində qəbul olunmuş standartlar, yaşayış məntəqəsinin salınmasının, yaxud abadlaşdırılmasının qaydaları var. Fərqi yoxdur, bura paytaxtdır, əyalətdir, rayon mərkəzidir, qəsəbədir və ya kənddir, küçələr işıqlandırılmalıdır. Bu, ictimai təhlükəsizlik, insan həyatının qorunması məsələsidir. Hətta yaşayış məntəqəsindən kənar yollar da işıqlandırılmalıdır qəza riski azalsın. Ölkənin beynəlxalq əhəmiyyətli magistral yollarında işıqlandırmanın olmamasına nə izah vermək olar? Məsələn, Bakı-Qazax magistralında. Hansı ki, az qala hər gün bu magistralın Kürdəmir, Ucar, Yevlax və digər rayonlardan keçən hissələrində sutkanın qaranlıq saatlarında piyada vurulması hadisələrini eşidirik.
İşıqlandırma ilə bağlı problem tək bölgələrdə deyil, eyni zamanda, paytaxt Bakı yollarında da müşahidə olunur. Abşeronda küçə və yolların əksəriyyəti ya işıqlandırılmır, ya da zəif işıqlandırılır”.
Günel CƏLİLOVA