Cənub mirvarisi Lənkəranın simvolu olan, xalqımızın minillik tarixini özündə yaşadan, əsrlərin yadigarı qədim “Dairəvi qala” abidəsi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Azərbaycanın tarixi və mədəni abidələrin reyestrində yerli əhəmiyyətli abidə kimi qeydə alınan bu qala 1747-86-cı ildə inşa edilibdir. İllərdir burada təmir-bərpa işləri görülmür, nəticədə qədim tikili dağılmaq üzrədir. Bu gedişlə yaxın vaxtlarda ondan heç nə qalmayacaq.
Qala Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində yerləşir. Qısa məlumat verək ki, hazırda insanların biganəliyi ucbatından dağılmaq üzrə olan abidə 1869-cu ilə kimi cənub bölgəsində baş verən bir sıra qanlı müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb və hərbi qala ləğv edilib. Dairəvi qaladan isə həbsxana kimi istifadə edilməyə başlanılıb. Bu da 1970-ci ilə qədər çəkibdir. Hətta bəzi mənbələrdə göstərilir ki, İ.Stalin bir müddət burada dustaq saxlanılıb.
Qalanın əsasən dağılma günü 2015-ci il fevral ayından başlanıb. Belə ki, bölgəyə yağan güclü qar səbəbindən birinci onun dam örtüyünün müəyyən hissəsində aşınmalar başlanır. Aylar, illər ötdükcə tarixi abidə qəzalı vəziyyətə düşür.
Deyilənlərə görə qalanın təmir-bərpa olunması üçün sənədlər hazırlanaraq çoxdan müvafiq dövlət orqanlarına təqdim olunub. 2019-cu ildə təmir-bərpa işlərin aparmasına söz də verilibdir. Amma bu müddətdən üç il vaxt keçməsinə baxmayaraq əməli iş görə yoxdur. Məhz elə bu yalanın ucbatından xalqımıza məxsus bir tarixi abidə məhv olub gedir...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü