Ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, o cümlədən də müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə bunun əksi müşahidə olunur.
Bu günlərdə Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb. Valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.
Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.
Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdu: “Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1- 4-cü sinif şagirdləri bu məktəbə gəlir. Digər 5 - 11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb”.
“Hazırda bölgələrdə qəzalı vəziyyətdə olan və hər an uçma təhlükəsi ilə üzləşən məktəblər var, bu isə…”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, hazırda ölkədə 4447 ümumtəhsil məktəbi var. Bu isə o deməkdir ki, 900-ə yaxın məktəbin yenidən tikilməsinə və ya bərpasına ehtiyac var: “Təəssüflər olsun ki, bu sahədə iş müəyyən qədər zəif aparılır. Hazırda bölgələrdə qəzalı vəziyyətdə olan və hər an uçma təhlükəsi ilə üzləşən məktəblər var. Bu isə insanların həyatı üçün olduqca təhlükəlidir. Danılmaz faktdır ki, ölkə rəhbərliyi təhsilə çox ciddi qayğı və diqqət göstərsə də, müəyyən qədər aidiyyəti dövlət qurumları bu sahəyə səhlənkar yanaşır.. Ölkəmizdə modul tipli məktəblərin sürətlə inşası həyata keçirilərsə, uşaqlar yaxşı şəraiti olan təhsil müəssisələrində təhsilini davam etdirər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tədrisin keyfiyyətinə birbaşa məktəbin infrastrukturu təsir göstərir. Bugün qəzalı vəziyyətdə olan məktəblərin yetirmələrinin nəticəsi elə də yüksək deyil. Bu istiqamətdə dövlət proqramını daha da genişləndirmək lazımdır.
Günel CƏLİLOVA