“Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq.
Bu qərar hərbçilərə də şamil olunur. “İcbari tibbi sığorta” haqqında qanuna görə hərbçilərin də maaşından ödəniş tutulur. Halbuki, bu kateqoriyadan olan şəxslərin müayinə və müalicəsi hərbi hospitallarda pulsuz aparılır. Yəni hərbçilərin müalicə xərcləri həm dövlət tərəfindən qarşılanır, həm də onlar İcbari tibbi sığorta üçün ödəniş edirlər.
Maraqlıdır, hərbçilərin müalicə xərcləri xəstəxanalarda pulsuz həyata keçirilirsə, niyə onların əmək haqqısından vəsait tutulur?
İcbari Tibbi Sığorta Üzrə Dövlət Ağentliyi: “Qaydalar Müdafiə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana müvafiq tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır”
İcbari Tibbi Sığorta Üzrə Dövlət Ağentliyindən bildirildi ki, qaydalar Müdafiə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində stasionar şəraitdə sığorta olunana müvafiq tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır: “Yəni belə hallar baş verdikdə, sözügedən səhiyyə müəssisələri bu barədə Agentliyə müraciət edirlər və qurum tibbi xidmətin həyata keçirilməsinə razılıq verir”.
Rasim İsgəndərov: “Sözügedən qanun hərbçilərin tibbi xidmətlərdən yararlanmasını daha da asanlaşdıracaq”
Hərbçi ekspert Rasim İsgəndərov bildirdi ki, qanunvericilikdə hərbçilərin sağlamlığının mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququnun olduğu qeyd olunur. Qanunda hərbi qulluqçuların sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malik olmaları göstərilir: “Əslində, icbari tibbi sığortanın hərbi qulluqçulara da şamil olunması müsbətdir. Məsələn, hərbçi hansısa bölgədə xidmət edir və orada hərbi hospital yoxdur. Belə olan halda icbari sığortanın şərtləri çərçivəsində zabit, gizir, hərbçi uzaq məsafə qət etmədən yaxınlıqdakı tibbi müəssisəsində müayinədən keçə bilər”.
Ekspert hesab edir ki. sözügedən qanun hərbçilərin tibbi xidmətlərdən yararlanmasını daha da asanlaşdıracaq: “İcbari tibbi sığortaya ödənilən vəsaitlə hərbçi sağlığı ilə bağlı yaşanan istənilən problemi rahat şəkildə həll edə bilər”.
Günel CƏLİLOVA