Bakı və onun ətraf qəsəbələrində son bir neçə ildə xeyli iş görülüb. Belə ki, 10 il əvvəl “Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı” qəbul edildi. Sözügedən proqram çərçivəsində bir sıra işlər görüldü. Bakının ətrafında yerləşən qəsəbə və kəndlərə yeni qaz, rabitə, su-kanalizasiya, elektrik xətləri çəkildi. Ancaq müşahidələr göstərir ki, bu yöndə görülən tədbirlər bütün yeni salınan yaşayış massivlərini əhatə etmir. Xüsusən də yeni salınan yaşayış massivlərində əhalinin su təchizatında problemlər var. Belə yaşayış massivlərindən biri də Binə Atçılıq sovxozudur. Adıçəkilən ərazidə yaşayan sakinlər illərdir marşrut sarıdan əziyyət çəkir.
Məlumat üçün qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq sovxozu adlanan massivində 10 minə yaxın əhali yaşayır. Sakinlərin dediyinə görə, yaşayış massivinə cəmi bir avtobus marşrutu işləyir, onun da qrafikindən baş açmaq olmur, səhərlər xəttə çıxsa da, axşamlar qeybə çəkilir. Buna görə də sakinlər axşam evə qayıtmaq üçün ya iki avtobus dəyişir, ya da yolun yarısında manatlıq taksidən istifadə edirlər.
Sakinlər onu da qeyd edir ki, onlar məlum problemlə bağlı çoxlu şikayətlərdən sonra, təxminən 5-6 ay əvvəl 168 nömrəli avtobus xətti istifadəyə buraxılıb: “Ancaq sevincimiz uzun çəkmədi. Bu marşrutun axşam 7-dən sonra demək olar ki, olmur. İşdən çıxıb evinə getmək istəyənlər yollarda qalır. Hər gün taksidən istifadə etmək olmur.
“Həmin istiqamətdə daşımaların yaxşılaşdırılması üçün yanvarın 17-də Agentlikdə görüş olub”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, problemin həll olunması üçün işlər görülür: “Həmin istiqamətdə daşımaların yaxşılaşdırılması üçün yanvarın 17-də Agentlikdə görüş olub. Daşıyıcı da çağrılmışdı. Bələdiyyənin sədri də dəvət olunmuşdu. Birgə müzakirə keçirildi. Problemin həll olunması istiqamətində zəruri işlər görülür”.
Günel CƏLİLOVA