Təhsil Nazirliyinin tələbə köçürülmələri ilə bağlı verdiyi qərar ciddi narazılılğa səbəb olub. Belə ki, Təhsil Nazirliyi bu qərarını 2021-2022-ci tədris ilinin 2 həftə gec başlamasıyla izah edib.
Nazirliyin rəsmi saytında qeyd olunur ki, 2021-2022-ci tədris ili iki həftə gec başladığından tədris materiallarının mənimsənilməsi və imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir: “Bununla əlaqədar olaraq, 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Tələbələrin köçürülmə prosesi növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baş tutacaq”.
Məlumat üçün qeyd edək ki, ali məktəblərdə ildə iki dəfə olmaqla qış və yay tətilləri zamanı tələbələrə ixtisasını, universitetini və təhsil formasını dəyişmək üçün imkan verilir. Ancaq Təhsil Nazirliyi bu ilin qış semestrində tələbələrə belə bir şans tanımadı.
Təhsil Nazirliyinin tələbə köçürülməsi ilə bağlı qərarı tələbələrin narazılığına səbəb olub.
Səbuhi Cavadov: “İşləyərək ailəsini saxlayan tələbələr var ki, bu 4 ayı çətinliklə oxuyub qiyabi təhsilə keçməyə hazırlaşırdılar”
Tələbə Səbuhi Cavadov qeyd edir ki, bir çox tələbə təhsil almaqdan imtina edəcək: “İşləyəyərək ailəsini saxlayan tələbələr var ki, bu 4 ayı çətinliklə oxuyub qiyabi təhsilə keçməyə hazırlaşırdılar. İndi onlar ya təhsillərini dayandırmalı ya da işdən ayrılmalıdırlar. Ona gör də, qərar verərkən bu nüansları nəzərə almaq lazım idi”.
Kamran Əsədov: “Təhsil Nazirliyinin köçürülmə prosesinə 10 gün qalmış belə bir qərar verməsi tələbələrin ciddi narazılığına səbəb olub”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycan təhsil sistemində uğurlu hesab edilən islahatlaran biri də tələbələrin köçürülməsi idi: “Uzun müddət tələbə köçürülmələrinin universitetlərin tabeliyində olması korrupsiya və rüşvətxorluq kimi hallara yol açırdı. Amma Təhsil Nazrliyi artıq 2016-cı ildən prosesi şəffaf, əlçatan və elektron formada təşkil etməyə başladı. Hazırda elektron formada aparılan köçürülmələr zamanı heç bir kənar müdaxilə olmur və hər kəs topladığı bala uyğun seçim edə bilir”.
Ekspertin sözlərin görə, Təhsil Nazirliyinin köçürülmə prosesinə 10 gün qalmış belə bir qərar verməsi tələbələrin ciddi narazılığına səbəb olub: “Məlumdur ki, hər il təxminən 1500-1700 tələbə bir universitetdən başqa bir universitetə və ya ixtisasa köçürülürdü. Amma bu qərardan sonra minlərlə insan prosesdən kənarda qalacaq. Hesab edirəm ki, bu qərar tələbələrə ciddi problemlər yaradacaq. Çünki onların əksəriyyəti artıq ümidlənmişdilər və arxayın idilər ki, topladıqları bala uyğun köçürülmə prosesində iştirak edəcəklər. Bundan əlavə xarici ölkələrdə təhsil alan tələbələr var ki, getdikləri ölkədə maddi, psixoloji və fiziki problemlər yaşadıqları üçün Azərbaycana qayıtmaq istəyirlər. Amma təəssüf ki, xaricdə təhsil alan tələbələrimiz ölkəyə qayıtmaq üçün bir qədər də gözləməli olacaqlar”.
Günel CƏLİLOVA