Son illər respublikamızın hər yerində genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Azərbaycanda təbiətin mühafizəsi, ətraf mühitin qorunması istiqamətində məqsədyönlü iş aparılır. Görülən işlərə baxmayaraq, bəzi şirkətlər yaşıllıqları məhv etməklə məşğuldur.
Belə ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Yeni Ailə” MMC tərəfindən kəsildiyi və təbiətə 34 860 manat məbləğində ziyan dəydiyi məlum olub.
Beləliklə, 35 minlik ağacları kəsən şirkət cəzalandırıldı.
Ekspertlər hesab edir ki, bu cür addımlar davamlı olmalıdır. Yaşıllığı məhv edənlər qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmalıdır.
“Qoy başqa şirkətlər də baxıb dərs götürsünlər ki, təbiətə qəsd edənlər cəzasız qalmırlar, qala bilməzlər də”
Ekoloq Flora Hacıyeva bildirdi ki, bu gün də təbiətin neməti olan meşələrin qırılması, hallarına rast gəlmək olar: “Hər bir ağacın qorunması, yeni ağacların salınması, ilk növbədə, bizim vətəndaşlıq borcumuzdur. Bu günlərdə ağac kəsən şirkət cərimə olunmayıb. Qoy başqa şirkətlər də baxıb dərs götürsünlər ki, təbiətə qəsd edənlər cəzasız qalmırlar, qala bilməzlər də. Hesab edirəm ki, meşələrə, yaşıllıqlara nəzarət gücləndirilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” qanunun konkret maddələri pozulur, bu halın qarşısının alınması üçün də ciddi tədbirlər görülməlidir. Təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər. Bu səbəbdən də təbiəti məhv edənlər sərt şəkildə cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA