24/07/2019 01:19
728 x 90

Ermənipərəst konqresmen Şerman Azərbaycana qarşı aldığı muzdlu sifarişi “ləyaqətlə” icra etdi - YENİLƏNDİ

Azərbaycan Müdafiə Nazirliyindən ABŞ konqresmeninə cavab...

img

“Çox güman ki, ABŞ Prezidenti bunu təsdiq etməyəcək”

 

Məlum olduğu kimi, ABŞ Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsinin baş üzvü, ermənipərəst konqresmen Bred Şerman iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim edib.

Təşəbbüs Bakının Xankəndidə yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşını almağı hədəfləyir. Belə ki, dəyişiklik qəbul ediləcəyi halda, ABŞ-ın Azərbaycana Xankəndiyə qanunsuz uçan mülki təyyarələri vura biləcək silah satmasına qadağa qoyulacaq.

Təəssüflər olsun ki, Konqres dəyişikliyi qəbul edib. Belə ki, iyulun 12-də Nümayəndələr Palatasının müvafiq komitəsi toplanaraq sözügedən təklifi müzakirə edib. Məlumata görə, 2020-ci il üçün Milli Müdafiəni tənzimləyən qanuna bəhs edilən dəyişiklik təklif olunub. Həmin təklif erməni məsələləri üzrə konqresmen həmsədrlər Frank Pallone, Ceki Şpayer, Adam Şiff tərəfindən dəstəklənib. Bu minvalla, qanuna Xankəndidəki hava limanına mülki təyyarələrin enib-qalxmasına şərait yaradacaq dəyişiklik lehinə 234, əleyhinə 194 səs verilməklə qəbul edilib.

Ermənipərəst konresmen Bred Şerman dəstəyə görə həmkarlarına təşəkkür edib.

Onu da qeyd edək ki, bundan əvvəl ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı təklif olunan düzəlişi də qəbul edib. İndi də bu qərar qəbul olundu. Heç şübhəsiz ki, ABŞ-ın bu addımı erməni həyasızlığını bir az da artıracaq. Bütün hallarda, Konqresin bu addımını ekspertlər necə dəyərləndirirlər?

  • Fikrət Sadıqov: “Bizim ərazimizdə istənilən təyyarə qanunsuz havaya qalxarsa, onu vurmağa tam ixtiyarımız var”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Konqresin bu addımına mənfi prizmadan yanaşdı. Bununla belə, o, bir sıra məqamlara da aydınlıq gətirdi: “Bu o demək deyil ki, Konqresin bu qərarı dərhal qüvvəyə minəcək. Aşağı palatadan sonra bunu Senat təsdiq etməlidir. Ondan sonra ABŞ Prezidenti bunu təsdiq etməlidir. Yalnız ondan sonra bu qanun qüvvəyə minəcək. Ancaq ABŞ Prezidentinin bunu təsdiq edib-etməyəcəyi məlum deyil. Çox güman ki, ABŞ Prezidenti bunu təsdiq etməyəcək. Bu məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər, o cümlədən, ABŞ tərəfindən tanınır. Yəni bizim ərazimizdə istənilən təyyarə qanunsuz havaya qalxarsa, onu vurmağa tam ixtiyarımız var. Şermanın istəyi hər şey demək deyil. Bu bizim ərazimiz olduğuna görə nəyisə gözləməli deyilik. Başqa bir tərəfdən, bu o demək deyil ki, dərhal Xankəndiyə qanunsuz uçuşlar başlayacaq. Biz onu da başa düşməliyik ki, təkcə ermənilərlə yox, həm də məkrli anti-Azərbaycan qüvvələri ilə mübarizə aparırıq. Bu qüvvələr ikili yanaşmalarla bu vəziyyəti qiymətləndirirlər. Bu qüvvələr obyektivlikdən, beynəlxalq hüquq normalarından uzaqdırlar”.

ABŞ Konqresinin Nümayəndələr Palatasının konqresmeni B.Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi məsələsinə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də münasibət bildirilib. Nazirlikdən “Trend”ə verilən məlumata görə, bu cür təşəbbüslə çıxış, əslində, təəccüblü görünür: "Çünki ABŞ indiyədək ölkəmizə heç bir silah satmayıb. Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalara malik ölkələrindən kifayət qədər silah və döyüş vasitələri alır.

Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa, dərhal cavab tədbirləri görməyə qadirdir.

Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”.

Vidadi ORDAHALLI

Son xəbərlər