Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıblar.
İki ölkə başçılarının təbrik məktublarını müqayisə etdikdə çox maraqlı məqamlar ortaya çıxır. Məsələ ondadır ki, Prezident İlham Əliyevin təbrik məktubunda Azərbaycanın dünyanın, regionun enerji təminatına verdiyi fayda və bununla bağlı vermək istədiyi töhfələr ifadə olunub. Məsələn, məktubda deyilir: “Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir”.
Ancaq Paşinyanın Trampa ünvanladığı məktubun məzmununa baxdıqda məlum olur ki, Ermənistan Baş naziri ABŞ-dan nəsə qopartmaq məqsədi güdür. Təsadüfi deyil ki, Paşinyan məktubda ABŞ-ın ötən illər ərzində Ermənistana etdiyi yardımı yüksək dəyərləndirib. Onun sözlərinə görə, bu yardım həmişə Ermənistanın inkişafı üçün ciddi əhəmiyyətə malik olub. Göründüyü kimi, Paşinyan ermənilərə xas olan ənənəyə uyğun olaraq dilənçi mövqeyindən çıxış edib. Açıq-aşkar eyham vurub ki, yenə də pul verin.
Digər tərəfdən, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib olduğunu hesab edir. Münaqişənin həlli ilə bağlı ABŞ-ın dəstəyini lazımlı hesab edir. Ancaq Paşinyan Qarabağ üzərindən də, bir növ, alver edib Birləşmiş Ştatlardan nəsə qoparmaq, siyasi dəstək almaq məqsədi güdür. O da məlumdur ki, Paşinyan bir ara, bu minvalla, Avropanı aldatmağa səy göstərdi. Ancaq onun bu cəhdləri alınmadı. Bu səbəbdən Paşinyanın iqtisadi nöqteyi-nəzərdən Avropadan gözləntiləri özünü doğrultmadı. Məktubun məzmunundan belə görünür ki, indi Paşinyan istəyir, bu minvalla, ABŞ-ı aldatsın.
Ən nəhayət, ABŞ-la Azərbaycan arasında iqtisadi və digər parametrlərə görə böyük fərqlər var. Məlum məsələdir ki, ABŞ dünyada super güc olmaqla yanaşı, böyük dövlətdir. Ancaq Prezident İlham Əliyevin Trampa ünvanladığı məktubun mahiyyətinə baxsaq görərik ki, bu, müstəqil, suveren dövlət başçısı təəssüratı yaradır. Əsl müstəqil dövlət başçısı təsəvvürü formalaşır. Ancaq Paşinyanın məktubunda bu elementlər nəzərə çarpmır. Məktubun məzmununda Rusiyayönümlü siyasəti başqa bir tərəfə dəyişmək niyyəti var.
O baxımdan təbrik məktublarındakı mahiyyət fərqini ekspertlər necə dəyərləndirirlər?
Ramil Hüseynov: “Azərbaycan müstəqil siyasət yeritdiyi üçün, bu, təbrik məktubunun məzmununda da özünü göstərir”
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bütün bunlar Ermənistanın müstəqil dövlət olmadığını açıq-aşkar ortaya qoyur: “Azərbaycanın müstəqil siyasət yeritməsini şərtləndirən bir sıra faktorlar var. O üzdən, bu, təbrik məktubunun məzmununda da özünü göstərir. Əvvəla Ermənistandan fərqli olaraq, Azərbaycanda heç bir xarici dövlətin hərbi bazası yoxdur. Müqayisə üçün qeyd edək ki, Rusiyanın Ermənistanda 2 hərbi bazası və bir neçə min nəfər hərbçisi var. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda ən önəmli strateji mövqedə yerləşməklə yanaşı, özünü iqtisadi baxımdan təmin edə bilir. İqtisadi baxımdan müstəqil siyasət yeridir. Ermənistan isə dilənir. Həmişə olduğu kimi, xarici fondlardan, ölkələrdən, erməni diasporundan pul dilənir. Hər il erməni diasporu xeyriyyə marafonları keçirir. Azərbaycan isə iqtisadi baxımdan özünü təmin etməklə yanaşı, müstəqil siyasət yeridir. Bir sıra beynəlxalq enerji və nəqliyyat layihələri Azərbaycandan keçir. Azərbaycan regionda söz sahibidir. Prezident İlham Əliyevlə hesablaşırlar. Başqa bir tərəfdən, Ermənistanla eyni hərbi, iqtisadi birlikdə təmsil olunan bəzi ölkələr belə, bu ölkə ilə hesablaşmır. Ancaq həmin ölkələr məhz Azərbaycanla hesablaşır və ölkəmizin maraqlarını nəzərə alırlar. Məsələn, Belarusla Qazaxıstan həm KTMT-də, həm də Aİİ-də təmsil olunurlar. Ancaq bu dövlətlər Azərbaycana daha çox önəm verir, nəinki Ermənistana. Bax, budur mövcud reallıq. Bütün bunlardan çıxış etdikdə məlum olur ki, Ermənistan müstəqil olmadığı kimi, onun Baş naziri də buna uyğun təəssürat yaradır. Paşinyanın məktubu buna əyani misaldır. Məktubun məzmunu, bir növ, Ermənistan və onun Baş naziri barədə hardasa miskin təəssürat yaradır”.
Vidadi ORDAHALLI