Fikrət Sadıqov: “Əldə olunan bütün nəticələr ölkəmizin maraqları ilə tam uzlaşır və ciddi müsbət nəticələrin əldə olunmasına sübut sayılır”
Son həftə ərzində Prezident İlham Əliyev olduqca məhsuldar görüşlər keçirib. Bunu həm nüfuzlu dövlət xadimlərinin ölkəmizə səfəri, həm də İlham Əliyevin xarici səfərləri kontekstindən dəyərləndirə bilərik. Bura Merkelin Bakı səfərini, İlham Əliyevin isə Rusiya və Xorvatiyaya etdiyi xarici səfərləri aid edə bilərik.
Son 2 aya nəzər saldıqda isə İlham Əliyevin qrafiki daha zəngin olub. Yaponiya XİN rəhbərinin, Gürcüstan, Türkiyə parlament sədrinin və digər nüfuzlu dövlət xadimlərinin Bakı səfəri ölkəmizə verilən yüksək önəmdən xəbər verir.
Son həftə ərzində ölkə başçısı həyata keçirdiyi xarici səfərlərdə Azərbaycan dövlətinin maraqları çərçivəsində hansı nəticələrə nail oldu?
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan dövlət başçısının son iki həftə ərzində üç xarici ölkəyə səfər etməsi, əhəmiyyətli danışıqlar aparması və mühüm razılaşmalar imzalaması göstərir ki, Azərbaycan xarici siyasəti çevikdir, şaxələndirilib və fəallığı ilə seçilir.
Politoloq vurğulayıb ki, Prezidentin səfər etdiyi ölkələr mövqe və əhəmiyyətinə görə bir-birindən fərqlənir: “Dövlət başçısının yürütdüyü xarici siyasətin prioriteti çoxşaxəlidir və müxtəlif istiqamətlərdə inkişaf edir. Bizim balanslaşdırılan çoxvektorlu xarici siyasətimiz bir sıra ölkə və regionlarla sıx bağlıdır. Diqqət edin, dövlət başçısı Qırğızıstanda türkdilli dövlət başçılarının sammitində iştirak etdi. Bu sammitdə mühüm qərarlar qəbul olundu. Türkdilli dövlətlərin dünya siyasətində öz rolu və yeri var. Onlar inkişaf edir, xarici siyasətdə özlərinə məxsus addımlar atırlar. Azərbaycan bu platformada aparıcı dövlətdir.
Xorvatiyaya səfər isə olduqca əhəmiyyətli idi. Xorvatiya Balkan yarımadasında çox ciddi oyunçudur. Üstəlik, Avropa Birliyinin üzvüdür, NATO-da təmsil olunur. Xorvatiyanın bizə münasibəti müsbətdir. Azərbaycan liderinin apardığı siyasətin nəticəsi olaraq Xorvatiya bütün platformalarda Azərbaycanı dəstəkləyir.
Səfər zamanı bir neçə saziş imzalandı. Bura mədəniyyət, humanitar sahələr daxildir. Eləcə də Xorvatiya enerji layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək fikrindədir.
Biz NATO üzvü olmasaq da, faktiki NATO və Avropa İttifaqına üzv dövlətlərlə yaxından əməkdaşlıq edirik. Ən mühümü odur ki, bu əməkdaşlıq yüksək səviyyədədir. Prezidentin Xorvatiyaya səfəri bunu bir daha təsdiq edir. Demək olar ki, Xorvatiya Azərbaycanın strateji partnyoru halına gəlir.
Prezident Əliyev, həmçinin, Rusiyaya səfər etdi. Bu səfər indi də rus mediasında geniş müzakirə olunur. Rusiya ilə tarixi münasibətlərimiz var, bu ölkə bizim partnyorumuzdur. Eyni zamanda dünyada qlobal güc mərkəzlərindən biridir. Münasibətlərimiz inkişaf edir, tarixi əlaqələrimiz var, hazırda birgə layihələrimiz həyata keçirilir. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə əlaqələr ən yüksək həddədir.
Nəzərə alın ki, Rusiya Minsk Qrupunun həmsədridir. Rusiya Qarabağ münaqişəsinə son qoymaq baxımından imkanlara malikdir. Bizə bu lazımdır, bizi bu maraqlandırır.
Dövlət başçısının Rusiyaya sonuncu səfəri məhz bu amillə bağlı idi və mühüm məsələlər müzakirə edildi, 16 saziş imzalandı. Təsadüfi deyil ki, sentyabrın sonlarında Vladimir Putin Bakıya səfər edəcək. Soçi müzakirələrinin davamı Bakıda keçiriləcək.
Hesab edirəm ki, bütün bunlar Azərbaycanın xarici siyasətində aktivlik nümayiş etdirdiyinin göstəricisidir. Bu xüsusda Merkelin ölkəmizə gəlişini də xüsusi qeyd edə bilərik. Bildiyiniz kimi, Almaniya dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkəsidir. Eyni zamanda bu dövlətin ağır siyasi çəkisi də var. Bütün bunlar bir daha sübut edir ki, son günlər ərzində istər Prezidentin etdiyi xarici səfərlərdə, istərsə də ölkəməzdə keçirdiyi qəbullarda əldə olunan bütün nəticələr ölkəmizin maraqları ilə tam uzlaşır və ciddi müsbət nəticələrin əldə olunmasına sübut sayılır”.
Məhəmmədəli QƏRİBLİ