Rusiyaya münasibətdə açıq xəyanətkar mövqe tutan Ermənistana qarşı Moskva indi daha qəzəbli, sərt addımlar atmaqdadır. Bunun növbəti real təsdiqi budur ki, Moskva MDB məkanında dövlətlərarası axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın Rusiya ərazisində axtarışına xitam verib. Bu barədə “İnterfax” etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində Arutyunyana qarşı irəli sürülən ittiham materialları ilə tanışlıqdan sonra erməni generalın Rusiya federasiyası ərazisində axtarışının ləğv edilməsi barədə qərar qəbul edilib. Bununla da, Arutyunyanın Rusiya ərazisində sərbəst gəzməsi üçün heç bir təhlükə yoxdur və o, həbs edilə bilməz. O da qeyd olunub ki, erməni generalın həbs olunaraq İrəvana təhvil verilməsi barədə Moskvaya müraciət birbaşa Ermənistan Prokurorluğu tərəfindən yox, dövlətlərarası axtarış xəttilə daxil olub. O da maraqlıdır ki, həbs orderi ilə bağlı İrəvanın müraciətində hətta Arutyunyanın Moskvadakı yaşayış ünvanına qədər dəqiq məlumat göstərilib. Lakin Rusiya bunlara əhəmiyyət vermir. Xatırladaq ki, bundan əvvəl Rusiya administrasiyasındakı digər mənbə “İnterfax”a bildirmişdi ki, Moskvada ekstradisiyadan imtina ilə bağlı ilkin qərar qəbul edilib: “Çünki Mikael Arutyunyan 2002-ci ildən etibarən Rusiya vətəndaşlığına sahibdir. Rusiya konstitusiyasına görə isə, ölkə vətəndaşları, hətta cinayət törədiblərsə belə, xarici ölkələrə təhvil verilmir”. Bütün bunlar həm də onu deməyə əsas verir ki, sentyabrın 8-də Kremldə Rusiya prezidenti ilə Ermənistan baş nazirinin görüşü də asan keçməyəcək və burada bağlı qapılar arxasında prezident Vldaimir Putin Nikol Paşinyanı sözün əsl mənasında divara dirəyəcək. Ümumiyyətlə, ekspertlərin fikrincə, görüşdə Paşinyanı kifayət qədər sərt gündəlik gözləyir. Bura Robert Köçəryan barəsində cinayət işi, KTMT-nin baş katibi Yuri Xaçaturovun həbs qərarı ilə təşkilatın gözdən salınması cəhdi və sair daxildir. Amma erməni şərhçi Arman Vaneskegyan hesab edir ki, Paşinyan Kremlə bağlı şəxslərin siyasi izləmələrini bundan sonra da davam etdirəcək: “Nikol Paşinyan əvvəlcədən yalnız müvəqqəti hökumətə başçılıq edəcəyini vəd etsə də, inzibati resurslardan öz xeyrinə istifadə etməkdən vaz keçə bilmədi”. Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Ovanisyanın sözlərinə görə, Putin nümayiş etdirir ki, Rusiya sınaqdan keçmiş dostlarını hər cür dəstəkləmək niyyətindədir. Sabiq prezident Robert Köçəryan bildirir ki, Rusiya ilə münasibətləri korlamaqla Paşinyan iqtidarı Ermənistan üçün ciddi təhdid yaradıb: “Düşünürəm ki, hakimiyyət hər fürsətdə Rusiya ilə münasibətlərin yüksək səviyyədə olmasından danışırsa, deməli, problemlər mövcuddur. Normal halda hər dəfə bunu yada salmağa nə ehtiyac var? Mənə belə gəlir ki. Ermənistan hökuməti regiondakı vəziyyəti lazımınca qiymətləndirə bilmir”. O qeyd edir ki, Ermənistanda hakimiyyətə gəlmiş insanlar uzun illər ərzində Ermənistanın Avrasiya Şurasında üzvlüyünün, Rusiya bazasının ölkə ərazisində mövcudluğunun əleyhinə çıxışlar ediblər: “Bütün bunları bir gün içində necə dəyişmək olar, bunu təsəvvür etmək çətindir. Az qala bütün komanda əvvəllər tamamilə fərqli geosiyasi yanaşmanı dəstəkləyən insanlardan ibarətdir. Onların, demək olar ki, hamısı bu və ya digər mənada Qərb strukturları, qrantlarla bağlı olublar”.
Erməni politoloq Levon Şirinyan isə vurğulayır ki, Moskva artıq Paşinyanı Köçəryanla əvəz etməkdə maraqlıdır: “Rusiya Ermənistanın dövlətçiliyi əleyhinə çalışa biləcək bir manqurt tapdı. Bu, Ermənistanda əksinqilab törətməsi nəzərdə tutulan kriminal element Robert Köçəryandır. Tezliklə parlament seçkiləri keçirilməlidir. Çünki vaxt ötdükcə vəziyyət pisləşəcək və Rusiyanın əlində müdaxilə üçün daha çox bəhanələr olacaq. Putin Ermənistanla danışmaq üçün bəhanə axtarır və bu bəhanəni də ona Robert Köçəryan verdi. Köçəryan və ya Serj Sarkisyan onun vecinə də deyil. Onlar artıq çoxdandır ki, tarixin zibilliyindədirlər. Rusiyaya Paşinyanla münasibətlərini tənzimləmək üçün bəhanə lazımdır”. Bütün bunlar qarşıdakı günlər ərzində Ermənistanı gərgin bir vəziyyətin gözlədiyini deməyə əsas verir. “Joxovurd” qəzeti isə yazır ki, qatı qərbpərəst məmurların Paşinyan hökumətində yer alması Rusiyanı ciddi şəkildə narahat edir: “Söhbət uzun illər ərzində Rusiyaya qarşı açıq düşmən mövqeyində dayanan, Moskvanın ünvanına təhqiramiz ifadələr səsləndirən, indi isə Ermənistan rəhbərliyində yüksək vəzifə sahibi olanlardan gedir. Mənbələrimizdən əldə etdiyimiz məlumatlara əsasən, Moskva Ermənistanın hakim elitasında bu cür şəxslərin mövcudluğu ilə bağlı İrəvana açıq etirazını və qeyri-məmnunluğunu bildirib, bunun iki ölkənin maraqlarına zidd olduğunu deyib. Odur ki, Paşinyan Ermənistanın gələcək təhlükəsizliyini və hərbi sahədə Rusiya ilə tamformatlı və hərtərəfli əməkdaşlığı davam etdirməklə ölkənin mövcudluğunu qoruyub saxlamaq istəyirsə, Kremlin tələblərini yerinə yetirməlidir. O da istisna edilmir ki, 8 sentyabrdakı görüşdə Putin bir daha Paşinyan qarşısında qərbpərəst məmurların uzaqlaşdıırlması tələbini qoysun. Putinin köməkçisi Yuri Uşakovun bəyanatı nəzərə alınsa, bu görüş bir çox məsələlərdə Paşinyana verilən son “şans” olacaq”.
Tahir TAĞIYEV