Arzu Nağıyev: “Çünki həmin yolla həyata keçirilən ilkin daşınmalar sübut edir ki, qitələri birləşdirən bu yol həm vaxt, həm də maliyyə baxımından olduqca sərfəlidir”
Prezident İlham Əliyev Xorvatiyada keçirdiyi görüşlər zamanı verdiyi bəyanatlarda həmin ölkənin Bakı-Tiflis-Qars yolundan istifadə perspektivlərinə toxunub.
Ölkə başçısı bildirib ki, keçən ilin oktyabr ayında Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı olub: “Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini vermişdir. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir”.
Xorvatiyanın bu yoldan istifadə etməsi ölkələrin əməkdaşlığının və geosiyasi mövqelərimizin inkişafında necə rol oynayacaq ?
Politoloq Arzu Nağıyevin fikrincə, Azərbaycan-Xorvatiya münasibətləri, diplomatik əlaqələri hələ 1995-ci ildən qurulub: “İstər siyasi, iqtisadi, istərsə də mədəni və digər sahələrdə daim müsbət tendensiyalar olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xorvatiyaya səfər etməsi, eləcə də Xorvatiya Prezidentinin Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edən görüşlərlə yadda qalıb. Məlum məsələdir ki, görüşlərlə bağlı Zaqreb Bəyannaməsi də imzalanıb. Bundan başqa, Xorvatiya ilə Azərbaycan arasında əsasən Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması ilə bağlı müvafiq sənədlər var. Yəni bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını almaqla bərabər, eyni zamanda bunu Xorvatiya üçün də edir. Eləcə də gələcəkdə Xorvatiya ərazisində müvafiq qaz terminallarının yaradılması da nəzərdə tutulur. Həmçinin, kiçikhəcmli gəmilərin inşası və gəmiqayırma sahəsində müəyyən addımlar atıla bilər. Turizm, infrastruktur, informasiya texnologiyaları ilə də bağlı mühüm əlaqələr var. Xorvatiya minalardan təmizlənmə sahəsində çox böyük təcrübəyə malikdir.
Düşünürəm ki, Azərbaycan bundan da yararlana bilər. Son imzalanan müqavilələr də onu göstərir ki, bizim mədəni əlaqələrimiz yüksək səviyyədə inkişaf edə bilər. Bizim Xorvatiya ilə heç bir sahədə hansısa problemimiz yoxdur. Yəni həm Azərbaycanın tranzit bir ölkə olması, eyni zamanda Avropa İttifaqına daxil olan bir dövlətlə münasibət qurmaq Azərbaycan və Xorvatiya üçün də çox mühüm əhəmiyyət kəsb edir. Bu görüşdə də bunlar bir daha vurğulanıb. Ölkə başçısının Xorvatiyaya Bakı-Tiflis-Qars dəmir yolundan da istifadə etmək təklifi irəli sürməsi Zaqreb üçün gözəl şans sayıla bilər. Çünki həmin yolla həyata keçirilən ilkin daşınmalar sübut edir ki, qitələri birləşdirən bu yol həm vaxt, həm də maliyyə baxımından olduqca sərfəlidir. Xorvatiyanın bu təklifi dəyərləndirməsi ölkələrin iqtisadiyyatı üçün böyük fayda verə bilər”.
Məhəmmədəli QƏRİBLİ