Məhəmməd Əsədullazadə: “Avropa getdikcə Azərbaycanın tərəfdaş və regionda mühüm ölkə olduğunun fərqindədir”
“Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır”. Bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
Xorvatiya Prezidentinin sözlərinə görə, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək: “Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək.
O ki, qaldı Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq, Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan, əslində, bu təşəbbüsü dəstəkləyib. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaq. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir”.
Görünən odur ki, Xorvatiya Mərkəzi və Cənubi Avropanı Xəzər hövzəsi ilə birləşdirməkdə vacib qovşaq olmaq istəyini ortaya qoydu. Bu çox maraqlı məsələdir və bu istiqamətdə Azərbaycanla Xorvatiyanın hansı perspektivləri var?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Xorvatiya ilə Azərbaycanın strateji əlaqələrinin yeni müstəviyə qalxması hər iki ölkənin maraqlarına xidmət edir: “Xorvatiya Avropa ölkəsi olaraq, daim ölkəmizlə ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafında maraqlı olub. Balkan ölkəsi olaraq, Xorvatiya da ərazi bütövlüyü məsələsində 90-cı illərdə Azərbaycanla eyni ssenari yaşayıb. Hesab edirəm ki, rəsmi Zaqreb bu məsələyə həssas yanaşaraq, daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. Qeyd edim ki, iki il bundan əvvəl Xorvatiya Prezidentinin ölkəmizə səfərində məhz siyasi əlaqələrdə yeni mərhələnin başlanğıcı qoyulmuşdu. Hesab edirəm ki, Xorvatiya ilə strateji əlaqələrimizin yeni müstəviyə qalxması hər iki ölkənin maraqlarına xidmət edir. Qeyd edim ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat və enerji layihələrinin müəllifi, tranzit ölkədir. Eyni zamanda, iki qitəni birləşdirir. Azərbaycandan gedən bu enerji xətti məhz Xorvatiyadan keçib, Cənubi Avropa ilə Mərkəzi Avropanı Asiya ilə birləşdirə biləcək. Xanım Prezidentin qeyd etdikləri ölkəmizlə Xorvatiyanın nəqliyyat arteriyası ilə birləşməsinə xidmət edir. Hesab edirəm ki, iki ölkənin əməkdaşlıq edə biləcəyi sahələr mövcuddur. Bu, turizm, kənd təsərrüfatı və enerji layihələridir. Həmçinin, Xorvatiya çalışır ki, Azərbaycan bu ölkəyə sərmayələr yatırsın. Təbii ki, ölkəmizin bu Balkan ölkəsi ilə əməkdaşlığı strareji önəm daşıyaraq, bu regionda milli maraqlarımızın qorunmasına xidmət edə bilər. Prezident İlham Əliyevin enerji siyasəti Xorvatiya kimi, digər Avropa ölkələrinin ölkəmizlə iqtisadi-siyasi əlaqləri inkişaf etdirməsinə səbəb olub. Bu gün ölkəmiz Avropanın enerji siyasətində mühüm rol oynayır və qitənin enerji diversifikasiyasına töhfə verən ölkədir. Avropa getdikcə Azərbaycanın tərəfdaş və regionda mühüm ölkə olduğunun fərqindədir”.
Vidadi ORDAHALLI