Əhəd Məmmədli: “Bu baxımdan da göstərilən maraq hər iki ölkə üçün məqbul və sərfəlidir”
Xorvatiya Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etmək istəyir. Bu sözləri sentyabrın 6-da Zaqrebdə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən deyib.
“Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin, Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”, - deyə Kolinda Qrabar-Kitaroviç bildirib.
İlham Əliyevin Xorvatiyada keçirdiyi görüşlərdən aydın olur ki, həmin ölkənin Azərbaycanın enerji layihələrinə və iqtisadiyyatımıza investisiya qoymaqda marağı var. Bunun perspektivini necə dəyərləndirmək olar?
Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın Balkan ölkələri ilə əməkdaşlıq təcrübəsi var: “Serbiya ilə Azərbaycan ticarət sahəsində əhatəli münasibətlərə malikdir. Xorvatiya ilə də bu cür münasibətlər qurulmasının perspektivini yaxşı dəyərləndirirəm. Xorvatiya keçmiş Yuqoslaviyanın əsas ölkələrindən biridir. Bizim kimi müharibə keçmiş ölkədir. İşğal, separatçılıq bilirlər nədir. Bizdən fərqli olaraq, işğal, separatçılıqdan qurtulan ölkədir. Kiçik əhali və əraziyə malikdirlər. Serbiyadan sonra Xorvatiya ilə də geniş əməkdaşlıq Balkan yarımadasında Azərbaycanın mövqelərinin güclənməsi deməkdir. Balkanlarda siyasi, iqtisadi baxımdan Azərbaycanın iştirakı vacibdir. Bu yarımada tarix boyu strateji əhəmiyyətə malik olub. Balkanlara Avropanın Qafqazı da demək olar. Dünyanın hər yerində Azərbaycanın iştirakı ölkəmizi daha da böyüdəcək. Avropa parametrlərində Xorvatiya, Serbiya kimi o qədər də varlı olmayan dövlətlərdə Azərbaycanın iqtisadi projeləri ölkəmiz üçün əhəmiyyət kəsb edən bir durumdur. Siyasi baxımdan da Balkan yarımadasında Azərbaycanın tanınması müsbət haldır. Azərbaycan dünyanın daha da oturuşmuş bir dövlətinə çevrilməlidir. Bu yöndə dövlətimizin addımlarını dəstəkləyirik. Xorvatiyanın Azərbaycanın enerji layihələrinə maraq göstərməsi də təbiidir. Çünki ölkəmizin təşəbbüskarı olduğu həmin layihələr Xorvatiyanın da yerləşdiyi qitənin enerji təhlükəsizliyində önəmli rola malikdir. Bu baxımdan da göstərilən maraq hər iki ölkə üçün məqbul və sərfəlidir”.
Məhəmmədəli QƏRİBLİ