Rəsul Cahangirli: “Bir sıra enerji layihələrinin reallaşması başa çatandan sonra bu özünü daha qabarıq formada göstərəcək”
“Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir”. Bunu Zaqrebdə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı dövlətimizin başçısı deyib.
Prezidentin sözlərinə görə, iki ölkə arasında çox fəal siyasi dialoq prosesi gedir: “Münasibətlərin inkişafı üçün çox güclü potensial mövcuddur. Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu çox vacibdir. Bu bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya Azərbaycan qazının Avropaya nəqlinin iştirakçısı olmaq və Adriatik dənizi sahilində maye qaz üçün terminal inşa etmək istəyir.
Prezident İlham Əliyev Zaqrebin “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etmək istəyini alqışlayıb. Onun fikrincə, Avropanın enerji təhlükəsizliyini təmin edəcək bu layihəyə artıq 7 ölkə qoşulub.
Ümumilikdə, Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfələr verməkdə Azərbaycan-Xorvatiya əməkdaşlığı necə rol oynayır və oynayacaq?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, ümumilikdə, Xorvatiya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır: “Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə Xorvatiya ümumən dəstək verir. Xorvatiya maraqlıdır ki, Azərbaycan qazı Avropa bazarına çıxarılsın. Eyni zamanda, adıçəkilən ölkə “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etmək istəyir. Xorvatiya təbii qaz mənbələrinin diversifikasiyasında maraqlıdır və bu layihəyə marağın səbəbi də məhz bundan qaynaqlanır. Çünki Cənub-Şərqi Avropa ölkələrində bir tədarükçünün dominantlığı bu ölkələr üçün müəyyən problemlər yaradır. Ona görə də Xorvatiya Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməklə öz töhfəsini vermək istəyir. Bu səbəbdən Xorvatiya Adriatik dənizdəki Krk adasında üzən sıxılmış təbii qaz terminalının tikintisinə başlayıb. Düzdür, Xorvatiya birbaşa olaraq TANAP və TAP qaz kəmərləri layihəsinin reallaşdırılmasında iştirak etmir. Ancaq bu ölkə sözügedən layihəyə İon-Adriatik boru kəməri (İAP) vasitəsilə qoşulmaqda maraqlııdır. Bu layihə təkcə Xorvatiyanın deyil, həmçinin, bütün region ölkələrinin maraqlarına cavab verir. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, enerji sahəsində Azərbaycan-Xorvatiya əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. Bir sıra enerji layihələrinin reallaşması başa çatandan sonra bu özünü daha qabarıq formada göstərəcək”.
Vidadi ORDAHALLI