Son rəsmi açıqlamalar növbəti dəfə Rusiya və Ermənistan arasında münasibətlərin getdikcə daha gərgin xarakter almaqda olduğunu üzə çıxarır. Moskva artıq ən müxətlif səviyyələrdə İrəvanın siyasətindən narazı qaldığını bildirir və bu ölkəyə qarşı hər an daha sərt mövqeyə keçəcəyini istisna etmir.
Rusiya ekspert dairələrində bu fonda getdikcə daha açıq bəyan ediir ki, Rusiyanın Ermənistanı cəzalandırmaq üçün seçəcəyi əsas vasitələrdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Hesab edilir ki, Moskva artıq işğal altındakı ərazilərin geri qaytarılması üçün Bakıya daha aktiv şəkildə yardım edən tərəflərdən birinə çevriləcək. Bunun ümdə səbəbi isə Moskvanın İrəvanın xəyanətindən çox qəzəbli olmasıdır.
Proseslərin daha dəqiq gedişi isə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfərindən sonra bəlli olacaq. Kreml faktiki olaraq Paşinyanı hesabat verməyə çağırır. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamaları da təsdiq edir. O bildirib ki, Rusiya tərəfi Putinlə Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir: “Həm bizim tərəfimizdən, həm də ermənilər tərəfdən bir çox suallar yığılıb qalıb”. Onun sözlərinə görə, Rusiya bütün məsələlər üzrə “açıq söhbət” gözləyir: “Həm biz, həm də erməni tərəfində həllini gözləyən bir çox məsələlər yığılıb qalıb. Odur ki, biz budəfəki görüşdən həm ikitərəfli münasibətlərin bütün aspektləri, həm də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla, beynəlxalq təşkilatlarda birgə işimizin bütün məsələlərilə bağlı açıq və ciddi söhbət gözləyirik”.
Belə bir vaxtda məsələ ilə bağlı Ermənistanın “Joxovurd” qəzeti olduqca maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Nikol Paşinyanın apardığı kadr islahatları ciddi problem olaraq qalır. Onun vəzifəyə gətirdiyi bəzi şəxslər hələ də Rusiya tərəfindən qəbul edilmir: “Söhbət uzun illər ərzində Rusiyaya qarşı düşmən mövqeyi tutub, indi Ermənistanda yüksək vəzifəyə gətirilən şəxslərdən gedir. Rusiya özəlliklə Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan və Dövlət Əmlakına Nəzarət Xidmətinin rəhbəri David Sanasaryanın vəzifədə olmasından narazıdır. Mənbələrimiz də bildirir ki, Moskva açıq mətnlə dəfələrlə İrəvana bu şəxslərin hakimiyyətdə olmasının arzuedilməz olduğu barədə ultimatum verib”. Qeyd olunur ki, Putin və Paşinyan Rusiya ilə Ermənsitan arasında müttəfiq münasibətlərinin əsas məsələləri ilə yanaşı, belə məqamları da müzakirə etmək niyyətindədir.
Amma belə bir vaxtda ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin açıqlamaları, əslində Moskvanın İrəvana qarşı heç də xoş münasibət sərgiləməyəcəyini deməyə əsas verir. Qeyd edək ki, Riçard Mills Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın daxili siyasi vəziyyətilə bağlı son bəyanatını şərh edib. Jurnalistlərin “Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi” sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib. Bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Ermənistandakı 2008-ci ilin 1 mart hadisələri qanunun aliliyi nəzərə alınaraq obyektiv və detallı şəkildə araşdırılmalıdır”. Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Lavrov İrəvanda son proseslərlə bağlı aşağıdakıları bəyan edib: “Ermənistanda 10 il əvvəlki hadisələr araşdırılır və həbslər icra edilir. Bu, Ermənistanın daxili işi olsa da, çox istəyirik ki, bütün bu daxili işlər möhkəm qanuni zəminə söykənsin. Ermənistanda vəziyyətin qaynamağa davam etməsi bizi narahat edir”. İndi Riçard Millsin İrəvanı açıq müdafiə etməsi həm də Paşinyan hökumətinə Qərbin açıq dəstəyidir və Moskva bundan qətiyyən razı deyil. Özü də elə bir vaxtda ki, İrəvan Moskvaya qarşı daha bir xəyanətkar addım atmağa hazırlaşır. Məsələ burasındadır ki, Ermənistan rəhbərliyi, 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürməklə rəsmi Moskvanı qıcıqlandırmasına rəğmən, Rusiya üçün “İkinci Xaçaturov” sürprizi hazırlayır.
Ermənistanın nüfuzlu “168 jam” qəzeti etibarlı mənbələrə istinad edərək bildirir ki, Nikol Paşinyan hökuməti Ermənistanın sabiq baş naziri, hazırda isə Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının dövlətüstü tənzimləyici orqanı olan Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün aktiv şəkildə materiallar və sübutlar toplamağa başlayıb. Mənbələrin dediyinə görə, Tiqran Sarkisyana qarşı istintaq prosesi əslində çoxdan başladılmadı idi: “Lakin KTMT-nin baş katibi Yuri Xaçaturovun cinayətdə ittiham edilməsi Rusiyanın sərt reaksiyasına səbəb olduğundan, rəsmi İrəvanın bu addımına bir qədər mane oldu. Çünki Moskva bu məsələdə Ermənistan rəhbərliyinin davranışını özünə qarşı təxribat və KTMT-nin nüfuzdan salınması kimi qiymətləndirir”. Bununla belə qeyd olunub ki, Kreml və Rusiya XİN tərəfindən İrəvanın ünvanına tənqidi bəyanatlar səslənməsinə baxmayaraq, Paşinyan hökuməti Moskvaya və onun liderlik etdiyi digər təşkilatın nüfuzuna növbəti zərbə vurmağı planlaşdırır. Odur ki, İrəvanın budəfəki davranışı tamam fərqli nəticələrə gətirib çıxara bilər.
Belə vəziyyət isə İrəvan - Moskva münasibətlərini daha sürətlə pisləşdirir. Üstəlik, bunlar o fonda baş verir ki, Azərbaycanın Rusiya ilə əlaqələri daha sürətlə yaxınlaşır. Rusiyalı politoloq Aleksey Fenenko belə vəziyyətdə hesab edir ki, hazırda Azərbaycan üçün yaxşı şanslar yaranıb: “Rusiya və Ermənistan arasında problemlər getdikcə artır. Azərbaycan üçün bu vəziyyət sərfəlidir və Bakı bu vəziyyətdən istifadə edərək, Dağlıq Qarabağ məsələsini həll edə bilər. Soçi görüşündə liderlər şübhəsiz bu məsələni müzakirə edib. Hesab edirəm ki, Soçi görüşü münaqişənin həlli üçün danışıqların canlanması ilə nəticələnəcək”. Digər politoloq Aleksandr Karavayev isə hesab edir ki, Ermənistanla Rusiya arasında problemlər Bakının səsinin daha çox eşidilməsi ilə nəticələnəcək: “Digər tərəfdən, Azərbaycan Ermənistanla müqayisədə Rusiya ilə iqtisadi əməkdaşlığını artırır. Yəni Azərbaycan - Rusiya münasibətlərinin perspektivləri ilə bağlı ciddi gözləntilər var, lakin Rusiya-Ermənistan münasibətləri barəsində bunu demək çətindir. Rusiyanın Azərbaycana silah satışı da davam edəcək. Hazırda hərbi sferada 5 milyard dollarlıq əməkdaşlıq var və bu daha da böyüyəcək”. Rusiyalı politoloqun fikrincə, Rusiya Qarabağ məsələsində balansı dəyişəcək və Azərbaycana doğru mövqe sərgiləyəcək.
Rusiyalı məşhur ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov isə diqqəti ona yönəldir ki, Bakı Moskva üçün artıq ön planda yer alır: “Elə Soçidə aparılan danışıqlar da bir daha göstərdi ki, Moskva ilə Bakının münasibətləri təkcə Qarabağ münaqişəsinin nizamlanması və ya ikitərəfli əməkdaşlıq mövzuları ilə məhdudlaşmır. Bu münasibətlər həm də postsovet məkanının hüdudlarından kənardakı aktorların cəlb edildiyi daha genişmiqyaslı qarşılıqlı fəaliyyət formatındadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə Vladimir Putinin görüşləri müntəzəm keçir. Lakin prezidentlərin son bir ildə bundan əvvəlki şəxsi görüşləri sammitlər və digər beynəlxalq tədbirlər çərçivəsində olmuşdu. Rusiya və Azərbaycan prezidentlərinin budəfəki danışıqları 2017-ci ilin iyul ayından sonra belə tədbirlərdən kənarda keçirilmiş ilk danışıqlardır. Bu çox vacibdir. Əlamətdar haldır ki, son bir ildə Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər daha geniş beynəlxalq tədbirlər, məsələn, 2017-ci ilin noyabrında Tehranda Azərbaycan, Rusiya və İranın dövlət başçılarının danışıqları və ya 2018-ci ilin avqustunda Aktauda Xəzər Sammiti çərçivəsində keçirilib. Bununla belə, Moskvanın və Bakının birlikdə qoşulduğu qarşılıqlı fəaliyyətin bu cür geniş formatları nə qədər çox olsa, iki dövlətin münasibətlərində əlavə “aparıcı konstruksiyalar” da bir o qədər çox olur, bu isə onların dayanıqlılığını artıra bilər. Kifayət qədər uzunmüddətli perspektivdə ölkələrimizin iqtisadi tərəfdaşlığının istiqamətlərini müəyyən edən sənədi – iki dövlətin hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq proqramını xüsusi qeyd etmək olar. Səciyyəvi haldır ki, həmin proqramda ticarətdə mövcud baryerlərin aradan qaldırılması və nəqliyyat potensialının inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur, bu isə yuxarıda qeyd etdiyimiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsindəki layihələr üçün çox vacibdir. Ümumiyyətlə, belə danışıqların gedişində sənədlər ətrafında yaranan rezonans deyil, iki dövlətin tərəfdaşlığının durmadan inkişaf etməsi üçün həmin sənədlərin əhəmiyyəti vacibdir. Bakı və Moskva üçün əməkdaşlığın genişləndirilməsi potensialı əsla tükənməyib. Təbii ki, bütün bunlar Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin gedişinə də təsir edəcək. Bakının mövqeyi daha da güclənəcək”.
Beləlilkl\, ekspert açıqlamalarından da bu qənaətə gəlmək mümkündür ki, yaxın tezlikdə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müəyyən addımlar atılacaq. Özü də bu prosesdə iştirak edən əsas tərəflərdən biri İrəvanla münasibətləri sürətlə pisləşən Moskva olacaq. Hadisələrin bu səpkidə inkişafı isə, öz növbəsində, Bakının diplomatik uğurları da hesab edilə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.