Əli Orucov: “Vaxtında proseslərə düzgün müdaxilə edilsəydi, müharibə bu qədər qanlı və uzun çəkməzdi”
Suriyada qısa müddət davam edən sakitlikdən sonra döyüşlər başlayıb. Rusiyanın döyüş təyyarələri 22 gündən sonra Suriyanın İdlib şəhərini bombalayıb. Bu əməliyyatda Suriya ordusu da onlara kömək edib.
Suriyanın İdlib şəhəri Türkiyə ilə sərhəddə yerləşir və hərbi-siyasi cəhətdən çox önəmlidir. Bu şəhər uğrunda qızğın döyüşlərin başlayacağı barədə məlumatlar var. Hətta İdlib şəhərinin bölüşdürülməsi uğrunda Rusiya və Türkiyənin də üz-üzə gələcəyi ehtimal olunur. Bu şəhər uğrunda aparılan mübarizə Suriyada vətəndaş müharibəsini sonlandıra bilər. Amma şəhər uğrunda başlayan yeni müharibənin ağır nəticələr verəcəyi bildirilir. Birləşmiş Millətlər Təşkilatının verdiyi son açıqlamadan məlum olur ki, şəhərə hücum başlasa, 3 milyon insan oranı tərk etməli olacaq. Bu isə yeni humanitar fəlakət deməkdir. BMT bəyan edib ki, bu, son illərin ən böyük qaçqın böhranı ola bilər.
Rusiya və Suriya şəhərdən terrorçuların təmizlənməsinə qəti qərar verib. Amma Türkiyə qaçqın böhranına görə bu əməliyyatlara qarşıdır. Hazırda İdlib şəhərində müxtəlif silahlı dəstələrə üzv olan 30 min döyüşçü var.
İdlib Astana sammiti çərçivəsində Suriyada təşkil olunan 4 təhlükəsiz bölgədən biridir. İmzalanan sənədlərə görə, Türkiyə İdlib şəhərində 12 nəzarət məntəqəsi qurub. Bundan başqa, şəhərdə Rusiyanın 10, İranın isə 7 nəzarət məntəqəsi var. İdlib bölgənin aparıcı dövlətləri üçün xüsusi önəmə sahibdir. Bəşər Əsəd İdlib şəhərinə nəzarəti ələ keçirsə, Türkiyə nəzarət məntəqələrini itirməli olacaq.
Görünən odur ki, Suriyanın İdlib şəhərində vəziyyət gərgin olaraq qalır. Rusiya və Əsəd rejimi hücuma hazırlaşır, Türkiyə şəhəri müdafiə edir. Ərdoğan fəlakət barədə xəbərdarlıq edir. Şəhərdə 5-6 milyon əhalinin yaşadığı deyilir. Onların da çoxu Əsədə qarşı müxalif mövqedədir. Belə bir situasiyada Rusiya-Türkiyə ittifaqının taleyini nə gözləyir?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Suriya böhranı beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında ciddi problem olaraq qalmaqdadır: “Vaxtında proseslərə düzgün müdaxilə edilsəydi, müharibə bu qədər qanlı və uzun çəkməzdi. Suriyadakı müharibədən isə ən çox zərər çəkənlər qonşuları, xüsusən də Türkiyə oldu. 4 milyon suriyalı Türkiyədə sığınacaq tapdı. Kilometrlərlə sərhəd boyunca qarışıq bölgə yarandı. Hansı kı, həmin bölgələrin bir qisminə terrorçular nəzarət edirlər. İdlibdə son dövrlər gərginləşən vəziyyət ilk növbədə Ankaranı narahat edir. Təsadüfi deyil ki, Prezident Ərdoğan indidən çoxlu qan töküləcəyi barədə xəbərdarlıq edir. Təkcə qan tökülməyəcək, yeni qaçqın dalğasına start veriləcək ki, bunların da əksəriyyəti Türkiyəyə üz tutacaq. Doğrudur, Rusiya və Əsədin İdlibdə hərbi əməliyyatlar aparacağı rəsmi Ankaranın ürəyincə deyil, lakin indiki situasiyada buna qarşı çıxmaq düzgün seçim olmazdı. Türkiyə və Rusiya arasında müəyyən fikir ayrılıqları olmasına baxmayaraq, İdlibə görə münasibətlər kəskinləşməz”.
Vidadi ORDAHALLI