Məhəmməd Əsədullazadə: “Ancaq ortada olan Rusiya faktoru bunu mümkünsüz edəcək”
Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun problemidir. Məsələ ondadır ki, münaqişənin indiyə qədər həll olunmaması ümumilikdə Cənubi Qafqazın inkişafına mənfi təsir göstərir. Bu gün Azərbaycan və Gürcüstan eyni problemi yaşayır. Hər iki ölkə ərazilərinin 20 faizini itirib.
Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu, bizim regionu və dünyanı narahat edən problemdir. Dünya ictimaiyyəti Azərbaycanın və Gürcüstanın problemlərinə biganə qalmamalıdır. Hər iki münaqişə həll olunmalıdır. Xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Ona görə ki, sözügedən münaqişənin həll olunmaması Cənubi Qafqaz ölkələrinin inkişafına, regiondakı sabitliyə mənfi təsir göstərir.
O da məlumdur ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Ancaq indiyə qədər Minsk Qrupunun apardığı vasitəçilik səyləri bir nəticə verməyib. O cümlədən, digər ölkələrin də vasitəçilik səyləri bir nəticə verməyib.
Bu arada Gürcüstan Prezidentinin köməkçisi deyib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında vasitəçilik edə bilər. Maraqlıdır, Gürcüstanın vasitəçi kimi hansı imkanları var və bu istiqamətdə nə edə bilər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Gürcüstanın Qarabağ münaqişəsinin həllində vasitəçi olması prinsip etibarilə məqsədəuyğundur: “İlk növbədə Gürcüstan Cənubi Qafqaz ölkəsidir. Ermənistan və Azərbaycanla qonşudur və normal siyasi əlaqələrə malikdir. Gürcüstan tərəfinin mövqeyi təbii ki, rəsmi Bakı tərəfindən dəyərləndirilməlidir. Bundan əlavə, Paşinyan hakimiyyətinin də rəsmi Tiflisin vasitəçi olmasına etirazı olmaz. Hesab edirəm ki, Gürcüstanın Qərblə siyasi əlaqələrinin möhkəm olması, birbaşa Vaşinqtonun dəstəyi ilə bu konfliktin həllində vasitəçi səyi mümkün ola bilər. Bu ölkənin də ərazi bütövlüyü pozulduğundan, Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. Ancaq ortada olan Rusiya faktoru bunu mümkünsüz edəcək. Hesab edirəm ki, regionda dəyişən şərtlər fonunda Minsk Qrupunun tərkibi dəyişməlidir. Minsk Qrupunda əlavə üzv kimi qonşu ölkə olaraq vasitəçi missiyası Gürcüstana verilməlidir. Gürcüstanın qərbyönümlü siyasəti və Paşinyanla siyasi uzlaşması nəticəsində münaqişənin həllində müsbət impulslar əldə oluna bilər. Hesab edirəm ki, Azərbaycan rəsmi Tiflisin təklifinə müsbət cavab verməli, lazım olan hüquqi və siyasi proseslərə başlamalıdır. Bu gün Gürcüstanla hərtərəfli əməkdaşlıq formatı çərçivəsində əlaqələrimiz müsbət dinamizimlə inkişaf edir. Bu imkan verə bilər ki, üç Cənubi Qafqaz ölkəsi problemləri birgə həll edib, regionda təhlükəsizliyi təmin etsinlər. Təbii ki, burada kənar qüvvələrin təsirində olan Ermənistanın fəaliyyətindən bir çox məsələlər asılıdır. İlk növbədə davamlı sülh və əməkdaşlıq naminə Ermənistanın yeni hakimiyyəti Moskvanın təzyiqlərindən qurtulub işğal etdiyi torpaqları qaytarmalıdır. Məhz rəsmi Tiflisin xoşniyyətli siyasəti regionun inkişafı üçün nəzərdə tutulub və bu, Qərbdən gələn bir mesajdır. Tiflislə Bakı arasında ortaq strateji tərəfdaşlıq mütləq müttəfiqlik əlaqələrinə qalxmalı, iki ölkə ərazi bütövlüyü məsələsində bir xəttə sadiq qalmalı və birgə mübarizə aparmalıdırlar”.
Vidadi ORDAHALLI