Aqşin Əliyev: “Çünki belə məsələlər fonunda təhlükəsizlik amili önə çəkilir”
Yaponiyanın xarici işlər naziri Taro Kono Tiflisdə gürcü həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, ölkəsi Cənubi Qafqaz regionu ilə əməkdaşlığı dərinləşdirmək istəyir:
"Gürcüstana səfərim çərçivəsində Yaponiyanın "Qafqaz təşəbbüsü" proqramı irəli sürüldü. Təşəbbüs iki istiqamətdən ibarətdir. Birinci istiqamət dövlət quruculuğu üçün insan resurslarının inkişafına, ikincisi isə Qafqazın iqtisadi cəhətdən cəlbedici olması üçün dəstəkdən ibarətdir. Bu istiqamətə infrastrukturun inkişafına dəstək və biznes mühitinin yaxşılaşdırılması daxildir".
T.Kono qeyd edib ki, Qafqaz regionunda sabitlik yalnız Gürcüstan və onun qonşuları üçün deyil, bütün dünya ictimaiyyəti üçün də vacibdir: "Qafqaz bölgəsi Asiya, Avropa və Yaxın Şərqi birləşdirir. Qafqazda sabitlik yalnız region üçün vacib məsələ deyil, həmçinin, beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyi üçün də önəmlidir".
D.Zalkaliani, öz növbəsində, Yaponiyanın "Qafqaz təşəbbüsü"nü dəstəklədiyini söyləyib: "Tbilisi Tokio ilə əməkdaşlığın yeni mərhələsinə hazırdır. Yaponiyanın regionla bağlı təşəbbüsünü dəstəkləyirik və fəal əməkdaşlığa hazırlığımızı ifadə edirik".
Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri T. Kono sentyabrın 5-6-da Azərbaycanda da rəsmi səfərdə olub.
Göründüyü kimi, Yaponiya “Qafqaz təşəbbüsü” proqramı deyilən bir məsələ irəli sürüb ki, bu proqramın icrasında Azərbaycanın rolu xüsusi qiymətləndirilir. Bunun nə kimi perspektivləri ola bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Cənubi Qafqaz regionu dünya gücləri üçün böyük önəmə malikdir: “Təsadüfi deyil ki, buranı “Avrasiyanın Balkanları” kimi dəyərləndirirlər. Cənubi Qafqaz 20-ci əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanı olub. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu bölgə cənub-şimal və qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Cənubi Qafqaz Asiya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlərlə zənginləşib.
Bu gün bölgə ilə əlaqədar aparılan bütün tədqiqatlarda bütün parametrlərə görə (sosial, iqtisadi, siyasi, hərbi, mədəni və təhlükəsizlik anlayışı baxımından) fərqli dəyərlər və siyasi-fəlsəfi anlayışlar xarakterizə edilir. Xüsusilə də son illər ərzində bu regionda reallaşan böyük meqalayihələr regionun önəmini daha da artırır. Qitələri birləşdirmək baxımından logistik gücə malik olan həmin layihələrin başlıca təşəbbüskarı Azərbaycandır. Yəni bizim iştirakçısı olmadığımız heş bir layihə regionda uğur qazana bilməz. Bu baxımdan da dünyanın çox güclü inkişaf etmiş ölkələrindən olan Yaponiyanın bu təşəbbüsünün həm regiona, həm də ölkəmizə böyük faydası dəyə bilər. Nə qədər regiona diqqət artırsa, bu bir o qədər də bizim xeyrimizədir. Çünki belə məsələlər fonunda təhlükəsizlik amili önə çəkilir. Regionumuzda təhlükəsizliyə mane olan ən başlıca problem isə Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın yürütdüyü işğalçı siyasət bütün regionun təhlükəsizliyinə xələl gətirmiş olur”.
Məhəmmədəli QƏRİBLİ