Fikrət Sadıqov: “O, Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxarmaq istəyirsə, o zaman gərək danışıqlarda güzəştlərə getsin”
Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Socidə gerçəkləşən görüşü və burada imzalanan sənədlər hər iki ölkənin iqtisadi-siyasi həyatında yeni dönüş mərhələsi olacaq. O da məlumdur ki, bu günədək Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin çoxşaxəli istiqamətləri mövcud olub.
Məhz buna görədir ki, son səfər çərçivəsində imzalanan sazişlər iki ölkə arasında münasibətlərin bundan sonrakı dövrü üçün əsas “yol xəritəsi” hesab olunur. Səfərdən sonra istər Rusiyada, istərsə də Azərbaycanda onun yekunları cəmiyyətin müxtəlif sferalarında geniş müzakirə və təhlil edilir.
Sözügedən səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Qeyd edək ki, bu günədək də iki dövlət arasında həm siyasi, həm də iqtisadi-ticarət əlaqələri sıx olub və yüksələn xətlə inkişaf edib. Lakin bundan sonrakı mərhələdə iqtisadi sahədə birgə fəaliyyət imkanları daha da genişləndiriləcək. O cümlədən bu, hərbi sahədə də əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcək.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunları barədə danışarkən qeyd edib ki, tərəflər hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə edib: “Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyllidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.
Görünən odur ki, Prezident İlham Əliyevin son Rusiya səfərindən sonra hərbi sahədə Rusiya-Azərbaycan əməkdaşlığının daha da genişlənmə perspektivləri açılıb. Bu vəziyyət Ermənistanı konstruktiv olmağa nə dərəcədə vadar edə bilər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov buna bir neçə kontekstdən yanaşdı: “Prezident İlham Əliyev Rusiyada səfərdə olarkən iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. O cümlədən, hərbi-texniki əməkdaşlıq müzakirə olunub. Çünki Azərbaycan ən müasir hərbi texnikalar alır. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır və həmin ərazilər azad olunmalıdır. Biz bütün mümkün vasitələrlə buna nail olmalıyıq. Ermənistan əlbəttə ki, müəyyən təşviş içindədir. Təsadüfi deyil ki, Paşinyan Moskvaya yollanıb. Çox güman ki, bu məsələlərlə bağlı müzakirələr aparılacaq. Bütün hallarda, hərbi-texniki sahədə Azərbaycanın Rusiya ilə əməkdaşlığı Ermənistana bir təzyiq formasıdır. Paşinyan başa düşməlidir ki, biz öz torpaqlarımızı nə ona hədiyyə vermişik, nə də əbədi olaraq buna seyrçi mövqedən baxacağıq. Biz Rusiyadan hərbi texnikanı ona görə alırıq ki, torpaqlarımızı işğaldan azad edək. Ona görə də Paşinyan yeni baş nazir kimi bunu dərk etməli və başa düşməlidir. O, Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxarmaq istəyirsə, o zaman gərək danışıqlarda güzəştlərə getsin. Aydın məsələdir ki, Azərbaycanın Rusiyadan müxtəlif adda hərbi texnikalar alması Paşinyana təzyiq formasının bir növüdür. Paşinyan anlayır ki, sözügedən hərbi texnika təlimlər üçün alınmır. Həmin hərbi texnika nə vaxtsa hərəkətə keçəcək. O zaman Ermənistan bunu hiss edəcək. Hiss etmək istəmirsə, onda gərək müəyyən güzəştlərə getsin. Bunu nəzərə alaraq Azərbaycanın xeyrinə bir sıra addımlar atsın”.
Vidadi ORDAHALLI