Hatəm Cabbarlı: “İki ölkə arasında turistik münasibətlər, demək olar ki, yox dərəcəsindədir”
Ermənistan hökuməti Albaniya ilə viza rejiminin ləğvi barədə qərar qəbul edib. Erməni KİV-lərin verdiyi məlumata görə, bundan sonra Albaniya vətəndaşları viza almadan Ermənistana səfər edib 180 gün orada yaşaya bilər. Rəsmi İrəvan bu qərarı turizmin inkişafı ilə əlaqələndirir.
Qeyd edək ki, Albaniya vətəndaşları 2010-cu ildən Şengen ölkələri ilə vizasız gediş-gəliş hüququna malikdirlər. Bildirilir ki, Albaniya Ermənistanla bağlı analoji qərarı hələ 2013-cü ildə verib. Həmin vaxtdan başlayaraq Ermənistan vətəndaşları Albaniyaya vizasız səfər edə bilirlər.
Ermənistanın Albaniya ilə vizasız rejimə keçməsi nə deməkdir? Əvvəla Albaniya müsəlman ölkəsidir, ikincisi, TAP vasitəsilə Azərbaycan qazını almaq niyyətindədir - onun bu hərəkəti necə izah oluna bilər, niyə belə edir?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə narahatlığa səbəb olan nəsə görünmür, sadəcə, Paşinyan hökuməti belə kiçik manevrlərlə gözdən pərdə asmaq istəyir: “Paşinyan hökuməti son zamanlar Rusiya ilə münasibətlərinin gərginləşməsinə paralel olaraq xarici siyasətində bəzi təşəbbüslər edir. Bu təşəbbüslərindən biri də Balkanlarda yerləşən kiçik Albaniya dövləti ilə münasibətləri inkişaf etdirərək, bu ölkə ilə qarşılıqlı vizasız rejimə keçmək istəməsidir. Əlbəttə, Albaniya kimi kiçik bir dövlətlə vizasiz rejimə keçmək Ermənistana heç bir siyasi və maliyyə dividendi gətirmir. Albaniya Avropa Birliyinin üzvü deyil, region və beynəlxalq aləmdə ciddi siyasi ağırlığı yoxdur, güclü iqtisadiyyata sahib deyil. İki ölkə arasında turistik münasibətlər, demək olar ki, yox dərəcəsindədir. Vizasız rejimə keçmək hər iki ölkə arasında turistik səfərlərin artmasına da səbəb olmayacaq.
Qeyd edim ki, Albaniya əhalisinin 58.79%-i müsəlman, 17%-i xristian, 2%-i isə ateistdir. Albaniya TAP vasitəsilə Azərbaycan təbii qazını almaq istəyir. Bu baxımdan Azərbaycan üçün münasibətləri yenidən nəzərdən keçirməyə dəyərmi? Üstəlik, Albaniya və Ermənistan arasında vizasız rejimə keçid o qədər də ciddi məsələ deyil ki, Azərbaycan bununla bağlı Albaniya ilə münasibətləri yenidən nəzərdən keçirsin”.
Məhəmmədəli QƏRİBLİ