Məhəmməd Əsədullazadə: “Ölkədə siyasi qarşıdurma silahlı qarşıdurmaya çevrilər”
Bakıda mətbuat konfransı zamanı rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib ki, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək: “Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edirlər. Amma mən fikirləşirəm ki, o, bu güzəştlərə hazır deyil”.
Rusiyalı politoloqun fikrincə, N.Paşinyan əksinə, “vətənpərvərlik eyforiyası”nda maraqlıdır, ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin “kəskinliyini” və “qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsinlər.
S.Markov hesab edir ki, N.Paşinyan Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etməli olduğunu bildirməklə prosesdə mövqeyinin kəskinliyini nümayiş etdirib: “Hesab edirəm ki, daxili siyasi səbəblərlə əlaqədar Ermənistan hökumətindən güzəştlərə getməyi gözləmək lazım deyil. İndi bu mənə az inandırıcı gəlir, ona görə də bu məsələ ilə bağlı məndə nikbinlik yoxdur. Nikbinlik əvvəllər var idi. Bir il yarım - iki il əvvəl danışıqlar daha sıx və uğurlu idi və mən təsdiq edirəm ki, o zaman yolun 95 faizi keçilmişdi. Çox böyük ehtimalla 2016-cı ilin sonunadək ilk məcburi köçkün ailələri doğma yurdlarına qayıda bilərdi. Amma bu baş vermədi. Bu məsələdə son addımlar qət edilmədi”.
Zaman-zaman Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələr konstruktiv danışıqları pozmaq üçün müharibədən bir alət kimi istifadə ediblər. O baxımdan Paşinyanın öz reytinqini saxlamaq üçün Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməsi ehtimalı nə dərəcədə real təhlükədir?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda siyasi vəziyyət dramatik olaraq davam etməkdədir. N.Paşinyanın qərbyönümlü siyasəti, 20 il hakmiyyətdə olan Qarabağ klanına qarşı revanşı daxildə qütblər arasında mübarizəni kəskinləşdirib. Qeyd edim ki, Ermənistan daxilində Qarabağ klanını dəstəkləyən qüvvələr də var. Bunlar Köçəryanın və Sarkisyanın hakimiyyət illərində dövlət vəsaitini mənimsəməklə oliqarxa çevrilən şəxslərdir. Bunların maliyyə və inzibati gücləri hələ də davam etməkdədir. Onlar Paşinyana qarşı daxili dirənişi davam etdirirlər. Hazırda Köçəryanın apardığı işlər Paşinyanın daxildə mövqeyinin zəiflədilməsinə hesablanıb. Hesab edirəm ki, biz növbəti aylarda R.Köçəryan və Paşinyanın tərəfdarlarının qarşıdurmasının şahidi olacağıq. Köçəryan kifayət qədət resurslara malikdir və onun daxildə tarazlığı pozacağını istisna etmirəm. Təbii ki, baş verənlər Paşinyanın hakimiyyətinin zəifləməsinə aparır. Daxili mübarizədən yayınmaq və diqqəti mərkəzi hakmiyyətdən yayındırmaq üçün cəbhədə təxribatlar aparması mümkün ola bilər. Ancaq bu təhlükəli tendensiyadır. Çünki Ermənistan ordusunun həmlələri əks effekt verə bilər. Ordumuz adekvat cavab verməklə, erməni ordusunu darmadağın edər. Bu da daxildə Paşinyana növbəti zərbə olacaq. Xalq cəbhədə hərbi uğursuzluğa Paşinyanı hakimiyyətdən devirməklə cavab verər. Bu da Qarabağ klanının - Köçəryanın siyasi nüfuzunu gücləndirər, ölkədə siyasi qarşıdurma silahlı qarşıdurmaya çevrilər”.
Vidadi ORDAHALLI