Kənan Qubadzadə: “Türkdilli ölkələrlə əməkdaşlığın daha geniş formatda inkişaf etməsi üçün gənclərə xüsusi önəm verilməlidir”
Məlum olduğu kimi, sentybarın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib.
Sammitdə ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi, çatışmazlıqların həll olunması üçün bəzi fikirlər səsləndirilib.
Prezident İlham Əliyev sammitdə çıxışı zamanı türkdilli ölkələr arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsini mühüm perspektiv kimi dəyərləndirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qəbul etdiyi bəyanatda TDƏŞ-nin dövlət başçılarının milli idman növləri və gənclər siyasətinin genişləndirilməsi üzrə əməkdaşlığının möhkəmlənməsi məsələsi qeyd olunub.
Türkdilli ölkələrin gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülür. Bu sahənin daha da inkişafı üçün nə kimi işlər görmək lazımdır?
Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamsında qeyd etdi ki, türkdilli dövlətlər, xalqlar bir-birinə dil, din, köklə bağlıdırlar: “Türkdilli xalqlar bir-birinə sıx bağlıdırlar. Türkdilli ölkələrin gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi olduqca vacibdir. Gənclərimiz istənilən sahədə aktivlik göstərirlər. Buna onların potensialı çatır. Ümumiyyətlə, gənclərin türk dövlətlərinin bütün sahələrinə inteqrasiyası vacibdir və lazımlıdır”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır: “Danılmaz faktdır ki, möhkəmlənən və genişlənən əlaqələr siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və müsbət nəticələr əldə olunur. Eyni zamanda, mədəniyyət sahəsində də kifayət qədər uğurlar yaşanır. Bu nəticələrin əldə olunmasında gənclərin də rolu var. Hesab edirəm ki, türkdilli ölkələrlə əməkdaşlığın daha geniş formatda inkişaf etməsi üçün gənclərə xüsusi önəm verilməlidir. Onların çevik potensialından daha geniş istifadə olunmalıdır”.
Günel CƏLİLOVA