Nəzakət Məmmədova: “Hər bir halda, Paşinyanın Rusiyaya səfərindən həlledici bir nəticə gözləmək mənasızdır”
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi tarix məlum olub. Putin Ermənistanın baş nazirini sentyabrın 8-də Moskvada qəbul edəcək. Bununla bağlı Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib.
Qeyd edək ki, bu, V.Putinlə N.Paşinyan arasında sayca üçüncü görüşdür. Əvvəlki növbətçi görüşlərlə müqayisədə budəfəki görüş tam fərqlidir. Ermənistan və Rusiya arasında müşahidə olunan münasibətlər bunu demək üçün ciddi əsaslar yaradır. Rəsmi İrəvan bununla bağlı hər hansı açıqlama verməyib. N.Paşinyan özü isə yalnız bunu deməklə kifayətlənib ki, Putinlə görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrləri gözdən keçiriləcək. Bundan əvvəlki açıqlamasında da o, “Biz çoxlu məsələləri müzakirə edəcəyik. Mən demirəm ki, bütün məsələlər həllini tapıb. Ancaq əməkdaşlığımız davam edir və mən əminəm ki, təbii axarı ilə davam edəcək” - deyə, bildirmişdi. Ancaq Rusiya XİN başçısı Sergey Lavrovun görüşlə bağlı bəyanatı ilkin qənaətə gəlməyə əsas verir. Sitat: “Düşünürəm ki, bizim üçün vacib məsələ Ermənistanın yeni liderindən öz ölkəsindəki situasiyanın inkişaf perspektivlərini necə dəyərləndirməsini eşitmək olacaq. Bu situasiyada Ermənistanın KTMT qarşısındakı öhdəliklərini necə icra edəcəyinə laqeyd qala bilmərik”. Faktiki olaraq Rusiya baş diplomatı Paşinyanı Moskvada “çətin imtahan” gözlədiyinin anonsunu verib.
Lavrovun bu çıxışı üzərinə sentyabrın 4-də erməni media nümayəndələri N.Paşinyanın S.Lavrovun bildirdiyi fikrə dair münasibətini soruşdular. Ermənistan baş naziri “Bəli, bu gün həqiqətən də istidir” şəklində bəyanatla çıxış edib. O bu cavabı verməklə havanın isti keçməsinə işarə edərək, Rusiya XİN rəhbərini ələ salıb. Bu da onu göstərir ki, Paşinyan hələ də "məxməri inqilabi" qələbənin ab-havasından çıxa bilməyib. Həmçinin, Paşinyan bu çıxışı ilə bir daha ictimaiyyətə oynadığını göstərmiş oldu.
Lavrovun Paşinyandan hesabat tələb etməsinə Paşinyanın ironik tərzdə cavab verməklə onu ələ salması haqda ekspertlər nə düşünürlər və bu, perspektiv üçün nə vəd edir?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya XİN rəhbəri Lavrov bu günlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda olarkən bildirmişdi ki, yaxın zamanlarda Ermənistan baş naziri Paşinyan Rusiyaya dəvət olunacaq və ondan Rusiya Federasiyası, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında ölkəsinin götürdüyü öhdəliklərə əməl etməsi tələb olunacaq: “Lavrovun bu bəyanatı Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən dərhal sonra səsləndirməsi təsadüfi deyil. Görünür, qiymətli strateji tərəfdaş hesab etdiyi Azərbaycanla əsas sahələrdə razılaşma əldə edən Rusiya artıq Cənubi Qafqazda keçmiş müttəfiqi Ermənistanla həmişə olduğundan daha artıq güc dilində danışmaq üçün əsas tapıb. Putinin Əliyevlə görüşdə əldə etdiyi razılaşmalar ona Paşinyanı fakt qarşısında qoymaq imkanı verir. Lavrovun da açıq mətnlə dediyi kimi, Rusiya Paşinyanı öhdəlikləri yerinə yetirməsini tələb etmək, deməli, həm də haqq-hesab çəkmək üçün dəvət edir. Artıq Ermənistan və Rusiya arasında Paşinyanın hakimiyyətə gəlməsindən bəri davam edən gizli savaş açıq müstəviyə qədəm qoyur. Bu, itaətdən çıxmış vassalla suveren arasında artıq açıq-aşkar haqq-hesab çəkilməsidir”.
Politoloqun sözlərinə görə, Paşinyan Qərbdə xidmətində olduğu dairələrin göstərişinə əsasən Rusiyanın sadiq adamlarına, Putinin etibarlı insanlarına qarşı həbslər həyata keçirməklə ona qarşı açıq savaş başladı: “Onun Rusiyaya dəvət olunması həm də bu məsələlərə aydınlıq gətirilməsi məqsədi daşıyır. Bir müddət öncə Lavrov bəyan etmişdi ki, Ermənistanda baş verən hadisələr müttəfiq olaraq Rusiyanı narahat edir. Paşinyan isə cavabında bildirmişdi ki, Rusiya rəhbərliyi Ermənistanda yaranmış yeni situasiyaya adaptasiya olmalıdır.
Bu o deməkdir ki, Paşinyan geri çəkilmək fikrində deyil. Onu hakimiyyətə gətirən qüvvələrin onun qarşısında qoyduğu vəzifələri yerinə yetirmək öhdəliyinə sadiqdir və bu, onunla Rusiya arasında uçurumu getdikcə dərinləşdirəcək. Qərb və Rusiya arasında son günlərdə baş verən bir sıra hadisələr, məsələn, Ukraynada separatçıların lideri Zaxarçenkonun öldürülməsi, Rusiyanın İdlibdə bombardman həyata keçirməsi və s. Rusiya, Türkiyə və İran prezidentlərinin Təbriz görüşü ərəfəsində bu böyük güc mərkəzləri arasında açıq demarşdan hərbi və diversiya əməliyyatlarına keçildiyini, vəziyyətin xeyli gərginləşdiyini göstərir”.
N.Məmmədovanın sözlərinə görə, belə bir şəraitdə İlham Əliyev Soçiyə səfər edərək Azərbaycanın təhlükəsizliyini təmin edə bildi: “Lakin Paşinyanın buna nail olacağı inandırıcı görünmür. Çünki onun Rusiyanın tələblərinə razılaşıb güzəştə getməsi Qərbin tələbləri və planları ilə ziddiyyət təşkil edir. Təbii ki, Paşinyan seçimini edib və bundan imtina etsə, onu başqası ilə əvəz olunma təhlükəsi və ya məcburi istefa gözləyir.
Odur ki, bu səfər zamanı Ermənistan və Rusiya arasında hər hansı razılaşmanın əldə olunacağı inandırıcı görünmür. Paşinyan o dərəcədə güzəştə gedə bilər ki, onu hakimiyyətə gətirən qüvvələr buna icazə versin. Bundan artığına onun icazəsi yoxdur. Yəqin ki, Suriyadakı münaqişənin həlli ilə bağlı sentyabrın 7-də Təbriz görüşündən sonra Putin Qərbin himayə etdiyi Paşinyanı dəvət edib, ona təzyiqlər göstərməklə Suriyaya dair razılaşmaların Qərb tərəfindən qəbul edilməsinə çalışacaq. Hər bir halda, Paşinyanın Rusiyaya səfərindən həlledici bir nəticə gözləmək mənasızdır”.
Məhəmmədəli QƏRİBLİ