Birmənalı həqiqətdir ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas söz sahibi olan kənar dövlətlərdən biri qismində şimal qonşumuz olan Rusiya çıxış edir. Ən azı o baxımdan ki, Rusiyanın işğalçı Ermənistana təzyiq vasitələri kifayət qədər böyükdür və onların işə salınması İrəvanı daha tez yola gətirməyə kifayət edir.
Bu reallığı nəzərə alan Bakı Qarabağ konfliktinin çözümündə Rusiya amilindən istifadəyə daim xüsusi diqqət yetirir. Bütün bunların nəticəsidir ki, Azərbaycanın uğurlu diplomatik gedişləri sayəsində Moskva-Bakı münasibətləri özünün yeni yüksəliş mərhələsini yaşayır və belə vəziyyətdə Qarabağ məsələsində Moskvanın Bakının mövqeyini getdikcə daha çox müdafiə etməsi də özünü qabarıq formada büruzə verir.
Qeyd edilənlər fonunda xüsusi diqqət cəlb edən məqamlardan biri isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya məlum səfəri oldu. Ekspertlər diqqəti buna yönəldir ki, sözügedən səfər ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açıb. İmzalanmış sənədlərin miqyasına görə bu səfəri Azərbaycan-Rusiya münasibətlərinin yeni yüksəliş mərhələsi kimi də dəyərləndirmək olar. Özü də onu xüsusi vurğulamaq lazım gəlir ki, Azərbaycan-Rusiya münasibətləri ilk növbədə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənir, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və etimada əsaslanır. Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlar prosesində həm də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər xüsusi diqqət mərkəzində saxlanıb. Rusiya prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək verəcəyini bildirib. Elə İlham Əliyev qeyd edib ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdiddir. Bu münaqişə həllini tapmadıqca, regionda risqləri artıran əsas amil olacaq. Yalnız münaqişənin həlli region üçün də yeni şərait təmin edə bilər. Bu reallıq indi Kreml tərəfindən də nəzərə alınır və Rusiya artıq konfliktin həllində Azərbaycanın mövqelərini daha çox nəzərə alır.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də qeyd olunan fonda lham Əliyevin Rusiyaya səfərini olduqca yüksək qiymətləndirir. O vurğulayır ki, Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında olduqca mühüm mərhələdir: “Göz qabağındadır ki, iki dövlətin liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir. Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır. Buna görə də bu məsələ prezidentlərin Soçi görüşündə diqqət mərkəzində idi”. Rusiya ilə Azərbaycan arasında dinamik, intensiv inkişaf edən əlaqələr isə işğalçı Ermənistanda ciddi əndişə yaradır. Özü də bütün bunlar o vaxtda baş verir ki, Moskva-İrəvan münasibətləri sürətlə pisləşir. Rusiyanın Ermənistandan kifayət qədər narazı qalmasını isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən açıq şəkildə dilə gətirib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Lavrov bildirib ki, yaxın günlərdə Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulur: “Yaxın zamanlarda prezident Putinlə baş nazir Paşinyanın daha bir görüşü planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirdiyini eşitmək bizim üçün vacibdir. Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik, belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən, ümumi təşkilatımızın nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”. Burada açıq göürünür ki, Rusiya Ermənistanda baş verən hadisələrdən hələ də çox narazıdır və Paşinyan hesab vermək üçün yenidən Moskvaya çağırılır. Əksər təhlilçilərin fikrincə, Ermənistanın yeni hökumətinin bəzi addımları Rusiyanı qıcıqlandırmaqda davam edir. Bu tədbirlərə keçmiş prezident Robert Köçəryan və bir sıra digər keçmiş yüksəkçinli məmurların 2008-ci ildə prezident seçkisindən sonra müxalifətə təzyiqlərlə bağlı ittiham olunması da daxildir. “Konstitusion quruluşu dəyişmək”də suçlananlar arasında müdafiə nazirinin keçmiş müavini, hazırda Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Yuri Xaçaturovun olması isə Kremli daha çox hiddətləndirir. Bu arada onu da xatırladaq ki, Ermənistan 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi üzrə MDB ölkələrinin beynəlxalq axtarışında olan ölkənin sabiq müdafiə naziri Mikael Arutyunyanın onlara verilməsi üçün Moskvaya sorğu göndərib. Ekstradisiya ilə bağlı sorğu Rusiya hüquq-mühafizə orqanlarına daxil olub. Arutyunyanın 2002-ci ildən Rusiya pasportuna malik olması müəyyən edildiyindən, onun ekstradisiyasına rədd cavabı verilib. Rusiya Konstitusiyasına görə, Rusiya vətəndaşları hətta cinayət məsuliyyətinə cəlb edilməsi üçün belə xarici ölkələrə verilmir. Bununla Moskva artıq İrəvana qəzəbini açıq nümayiş etdirir. İndi hesab olunur ki, növbəti cəza tədbirlərindən biri kimi Rusiya Ermənistana qarşı Qarabağ məsələsində də müəyyən addımlar atacaq. Bu, Ermənistana cəza tədbiri olduğu halda, Azərbaycanla münasibətlərin daha da yaxlışmasına ciddi təkan verən addımlardan sayılır.
Rusiyalı hərbi ekspert Pavel Felgenhauer də “Moskva-Baku” portalına müsahibəsində vurğulayır ki, Rusiya-Ermənistan münasibətlərindəki situasiya Moskva və Bakı arasında əməkdaşlığın gücləndirilməsinə yardım edə bilər: “Bir müddət əvvəl Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq məsələsində problemlər yarandığı haqda məlumatlar ortaya çıxdı. Məsələ odur ki, Moskva İrəvana 100 milyon dollar həcmində yeni hərbi krediti verməkdən imtina etdi. Belə situasiya Ermənistanın baş naziri Nikol Paşinyanın özünü inqilabçı lider kimi aparmasından sonra yarandı. Belələrini Moskvada sevmirlər. Üstəlik, Moskvada Paşinyana elə də xoş münasibət bəsləmirlər. Doğrudur, açıq-aşkar düşmənçilik yoxdur, amma gərginlik mövcuddur. Yeni erməni baş nazirin davranışları bizim Ermənistanla münasibətlərimizi, yumşaq şəkildə desək, pisləşdirib”. Onun sözlərinə görə, Ermənistan bir müddət öncə Hindistandan silah alacağını bəyan etməklə özünün silah tədarükü mənbələrini diversifikasiya etmək istəyir: “İrəvan Hindistandan silah almaqla göstərmək istəyir ki, siz olmasanız, biz silahı başqa yerdən də ala bilərik. Bəs necə? Ermənistan ordusu üçün alınan silahların pulunu erməni diasporu ödəyib. Rusiya-Ermənistan münasibətlərindəki situasiya Moskva və Bakı arasında əməkdaşlığın gücləndirilməsinə yardım edə bilər. Lakin qeyd etmək lazımdır ki, Rusiya hər zaman Cənubi Qafqaza ümumi baxıb. Yəni Moskva bir ölkə ilə başqasına düşmənçilik etmək üçün əlaqə qurmayıb. Moskvanın bütün Cənubi Qafqaz ölkələri ilə normal münasibətləri qoruyub saxlaması çox vacibdir”.
Felgenhauer Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə də toxunub: “Azərbaycanın KTMT-nin tərəfdaşı və ya müşahidəçi statusu alması mümkündür. Belə ki, bu status ölkələrə KTMT qarşısında heç bir hüquqi öhdəlik qoymur. Digər tərəfdən, müşahidəçi və tərəfdaş statusu Azərbaycanın bloklara qoşulmama siyasətinə zidd olmayacaq. KTMT-də müşahidəçi statusu Rusiya və Azərbaycanı daha çox yaxınlaşdıra bilər, hətta Qarabağ konfliktinin həllini də aktivləşdirə bilər. Misal kimi NATO-nun tərəfdaşları olan Finlandiya və İsveçi göstərmək olar. Bu dövlətlərin NATO qarşısında heç bir hüquqi öhdəlikləri yoxdur. Azərbaycanın Ermənistan kimi NATO ilə tərəfdaşlıq münasibətləri var. Onlar “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edirlər. Prinsipcə, bu gün heç nə ölkələrin eyni anda NATO və KTMT-nin tərəfdaşı olmasını əngəlləmir”. Felgenhauer Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri məsələsinə də toxunub: “Adətən belə səfərlər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri birbaşa müzakirə edilmir. Məsələ yalnız hansısa problem və hadisə ilə bağlı olduqda, hansısa modern silahın alınmasına yalnız prezident razılığı tələb edildikdə müzakirəyə çıxarılır. Doğrudur, Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığında heç bir problem yoxdur. Buna rəğmən, ABŞ bundan da sonra Rusiyadan silah alan ölkələri qorxutmağa davam etsə, bu, Azərbaycana da təsir edəcək. Nəticədə Azərbaycan Vaşinqtonla individual qaydada razılaşmalı olacaq. Azərbaycanın ABŞ-la razılaşmaq imkanları isə mövcuddur. Azərbaycan ABŞ üçün coğrafi və strateji baxımdan vacib dövlətdir. Bu ölkə İranla sərhəddə yerləşir. Üstəlik, hərbi-strateji baxımdan Azərbaycan İsrail üçün də vacibdir. Məncə, Bakının razılaşma üçün imkanları var. ABŞ bəzi ölkələrə silah almaq imkanları yaradır. Belə istisnalardan İndoneziya, Hindistan kimi ölkələr istifadə edir. Eyni razılıq Azərbaycana da verilə bilər”.
Bütün bunlar bir daha aydın surətdə nümayiş etdirir ki, Azərbaycan Ermənistan qarşısında böyük üstünlüyə malikdir və bu üstünlük Bakı-Moskva münasibətlərinin sürətli inkiaşfı fonunda daha da artır. Ermənistanın isə bütün bunların qarşısını almaq imkanları, demək olar ki, yoxdur. Əksinə, bu ölkə həm özünün yanlış siyasəti, həm də Azərbaycanın uğurlu diplomatik gedişləri nəticəsində Rusiya kimi himayədarını da itirib. Belə vəziyyət isə Qarabağ münaqişəsinin həllini tezləşdirən önəmli faktorlardan hesab edilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.