Fikrət Yusifov: “Azərbaycan Hökumətinin qeyri-neft sektorunu və onun aparıcı sahəsi olan…”
Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı bir sıra mühüm razılaşmalar əldə olunub. Belə ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin danışıqlarının yekunlarına görə 16 sənəd imzalanıb.
Bunlara Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi"), Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş, "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti və "Azərbaycan Respublikası kiçik və orta sahibkalığın inkişafı Agentliyi" publik hüquqi şəxsi arasında Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planı ("yol xəritəsi") və digər sazişlər daxildir.
Ümumilikdə, Azərbaycan və Rusiya iqtisadiyyat nazirlikləri arasında iqtisadi əməkdaşlığın inkişafı barədə sazişin imzalanmasının sanksiyalar altında olan indiki Rusiya iqtisadiyyatı üçün və qeyri-neft sektorunun artım dövrünü yaşayan Azərbaycan iqtisadiyyatı üçün hansı əhəmiyyəti olacaq?
Məsələyə münasibət bildirən iqtisad elmləri namizədi, professor Fikrət Yusifov buna bir neçə kontekstdən yanaşdı: “Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər Sovetlər Birliyinin süqutundan sonra iki müstəqil dövlət arasında şəffaf bir müstəvidə inkişaf edir. Biz Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edirik. Qonşu ölkə ilə iqtisadi sahədəki əməkdaşlığımız isə son illər özünün ən yüksək səviyyəsinə yüksələ bilib. İki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 2,5 milyard dollardan çox olub ki, bu da bizim xarici ticarət dövriyyəmizin əhəmiyyətli bir hissəsini təşkil edir. Bu gün Rusiya bazarı Azərbaycanın ixrac məhsulları üçün ən münasib bazarlardan biridir. Eyni zamanda, Rusiya məhsullarının idxalı da ümumi idxalımızda xüsusi çəkiyə malikdir. Son illər Rusiya Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə çox maraqlıdır. Azərbaycanda ixrac üçün istehsal olunan məhsullar Rusiya bazarlarında on illər boyu özünəməxsus yer tutub və bu məhsullar digər ölkələrdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətlidir. Ən əsas olan budur ki, rus adamını Azərbaycan məhsullarının keyfiyyətli olmasına inandırmağa çalışmaq lazım deyil. O bunu yaxşı bilir. Azərbaycan Hökumətinin qeyri-neft sektorunu və onun aparıcı sahəsi olan kənd təsərrüfatını sürətlə inkişaf etdirmək, istehsalda müasir və daha məhsuldar texnologiyalar tətbiq etmək yolu ilə istehsalın həcmini dəfələrlə artırmaq istiqamətində atdığı addımlar ixrac potensialımızı kifayət qədər genişləndirəcək. Bunun üçün isə Rusiya bazarı ən münbit bazardır. Çünki Rusiya bazarının hüdudları çox genişdir, bizim məhsullara olan tələbat isə hədsizdir. Belə bir dönəmdə qonşu ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Digər tərəfdən, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda bizim bu ölkəyə ixracı artırmaqla verəcəyimiz dəstəyin də xüsusi önəmi var”.
Vidadi ORDAHALLI