Məhəmməd Əsədullazadə: “İndiki geosiyasi şərtlər daxilində məhz rəsmi Bakı Moskvadan Qarabağ konfliktinin həllinə dəstək verməsini gözləyir”
Prezident İlham Əliyevin Rusiyaya sentyabrın 1-də etdiyi səfər, keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, səslənən bəyanatlar böyük marağa səbəb olub. Xüsusilə rəsmi Bakı üçün əsas önəm kəsb edən məsələ Dağlıq Qarabağ problemidir ki, Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşdə sözügedən məsələ də müzakirə edilib.
Putin sözügedən məsələnin müzakirə olunduğunu deyib: “Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk Qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”.
Nəzərə alsaq ki, Rusiya həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir, o zaman Soçidə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqları mühüm əhəmiyyətli hesab etmək olar. Eyni zamanda, bundan sonra şimal qonşumuzun problemin həlli istiqamətində fəallığının bir qədər də artacağına ümid bəsləyə bilərik. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bu məsələni xüsusi olaraq qeyd edib. Dövlət başçısı ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səyləri davam edəcək: “Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır".
Dövlət başçısı qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin, bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır".
Göründüyü kimi, Azərbaycan Prezidenti də, Rusiya Prezidenti də Dağlıq Qarabag probleminin həlli üçün Rusiyanın səylərinin davam edəcəyinə ümidlərini ifadə etdilər. Rusiyanın bu yöndə səylərinin davam etməsi nə vəd edir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Prezident İlham Əliyevin Soçidə Rusiya dövlət başçısı V.Putinlə görüşü ikitərəfli münasibətlərin dinamikasına impuls verəcək: “Hazırda Kremlin Cənubi Qafqaz siyasətində axsamalar var, forpostu Ermənistan Moskvaya qarşı Qərbyönümlü siyasət ortaya qoyub. Qeyd edim ki, Kreml Qarabağ münaqişəsindən istifadə edərək, regionda öz təsir gücünü saxlayır. Hazırda Ermənistanda baş verən proseslər fonunda Kremlin Qarabağ siyasətində pozitiv addımları ola bilər. Ən azından bunun müəyyən elementləri özünü göstərə bilər. Soçidə dövlət başçılarının mətbuata bəyanatlarında Qarabağ münaqişəsinə toxunmaları, xüsusilə Prezident İlham Əliyevin münaqişənin həllində əsas moderator olan Rusiyanın rolunu qabartması, hesab edirəm, Kremlə mesaj idi. İndiki geosiyasi şərtlər daxilində məhz rəsmi Bakı Moskvadan Qarabağ konfliktinin həllinə dəstək verilməsini gözləyir. Çünki Ermənistan üzərində əsas təsir rıçaqı olan məhz Rusiyadır. İlham Əliyev açıq şəkildə Putinə konfliktlə bağlı fikirlərini çatdırdı. V.Putinin Minsk formatında konfliktin həllinə dəstəyi artıracağını deməsi müəyyən qədər pozitiv yanaşmadan xəbər verir. Düzdür, Moskvadan daim problemin həllinə dair mesajlar verilir. Amma 20 ildir ölü nöqtədən tərpəniş nəzərə çarpmır. Məhz Kreml bu illər ərzində münaqişənin real irəliləyişinə mane olub. İndi isə Ermənistanda anti-Rusiya siyasətinə görə münaqişənin həllində fəallıq göstərməyə çalışır. Hesab edirəm ki, Rusiyanın addımları Ermənistanda cərəyan edən hadisələr fonundan asılı olacaq”.
Vidadi ORDAHALLI