Qabil Hüseynli: “Rəsmi Bakı çalışır ki, hərbi sənaye məhsullarının önəmli hissəsini...”
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində Vladimir Putinlə apardığı müzakirələr geniş marağa səbəb olub. Burada imzalanan sazişlərin məzmunu və əldə edilən nəticələr göstərir ki, söhbət iki müstəqil dövlətin strateji əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindən gedir.
Rusiya Prezidenti V.Putin xüsusilə bəyan edib ki, Moskva və Bakını bir-birinə sıx dostluq və əməkdaşlıq ənənələri bağlayır. Putinin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır. Bununla yanaşı, Putin görüşün Rusiya-Azərbaycan əlaqələrinin bütün sahələr üzrə inkişafına əlavə təkan verəcəyini əminliklə vurğulayıb. Həmçinin, qeyd edib ki, 2017-ci ilin sonuna kimi ölkələr arasında ticarət dövriyyəsi təxminən 35 faiz artıb.
Rusiya Prezidenti Vladimir Putin onu da vurğulayıb ki, Azərbaycan dövlət başçısı ilə görüşləri müntəzəm xarakter daşıyır: “Bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var”.
Görünən odur ki, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm görüş keçirmələri iki ölkə arasında əlaqələrin genişlənməsinə təkan verir. Bu nəinki siyasi, humanitar sahələrdə, həmçinin, iqtisadi sahələrdə əlaqələrin dərinləşməsinə və daha böyük sferanı əhatə etməsinə öz təsirini göstərir.
Bütün bu deyilənlərin fonunda, Əliyevlə Putinin müntəzəm əlaqələri iki dövlətin əlaqələrində dinamik artım və dərinləşmə prosesinə necə təsir göstərir? Ekspertlər bunu necə dəyərləndirirlər?
Sözügedən məsələni dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, müntəzəm əlaqələr proseslərə müsbət təsir göstərir: “Məsələ ondadır ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində çox böyük işlərin görülməsi planlaşdırılır. Şimal qonşumuz bölgənin lider dövləti olan Azərbaycana sərmayə yatırımını artırmağı nəzərdə tutur.
Sərmayə yatırımı zamanı Azərbaycanda Rusiyanın bir sıra sənaye müəssisələrinin filiallarının yaradılması, yaxud şimal qonşumuzun ayrıca bir sənaye müəssisəsinin tikintisində iştirak etməsi nəzərdə tutulur. Rusiya ilə birgə səhmdar cəmiyyətləri yaradılacaq. Həmin səhmdar cəmiyyətləri də Rusiya hərbi zavodlarının bəzilərinin Azərbaycanda filiallarının yaradılmasına təşəbbüs göstərəcək. Bu təşəbbüs xüsusilə sovet dövründən qalma köhnə zavodların birgə işlədilməsi sahəsini daha çox əhatə edəcək. Rusiyanın məqsədi bundan ibarətdir ki, Azərbaycanla ticarət əlaqələrini illik 5 milyard dollara çatdırsın. Onsuz da Azərbaycan indiyədək Rusiyadan 5 milyard dollar dəyərində hərbi sənaye məhsulları alıb. Gələcəkdə hərbi sənaye məhsullarının satılması işi davam etdiriləcək. Ancaq rəsmi Bakı çalışır ki, hərbi sənaye məhsullarının önəmli hissəsini öz ölkəsində – Azərbaycanda Rusiya ilə birgə istehsal etsin. Bu istiqamətdə də razılıq əldə edilib”.
Vidadi ORDAHALLI