Məhəmməd Əsədullazadə: “Belə olacağı təqdirdə, Azərbaycan Rusiyanın əsas müttəfiqinə çevrilə bilər”
Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri, Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü, səfər zamanı imzalanan sənədlər, verilən bəyanatlar iki ölkə, iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərin, yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin əyani nümunəsidir. Bu, Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin növbəti təzahürüdür.
Məsələ ondadır ki, Rusiya Azərbaycanın böyük qonşusudur. Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır. Həmçinin, bu iki ölkə arasında tarixən sıx əlaqələr, əməkdaşlıq münasibətləri olub. Bir əsrə yaxın Çar Rusiyasının tərkibində bir yerdə olmuşuq. 71 il Sovet İttifaqının tərkibində müttəfiq respublikalardan biri Azərbaycan olub. SSRİ-nin süqutundan sonra iki müstəqil dövlət kimi Azərbaycan-Rusiya münasibətləri müxtəlif mərhələlərdən keçib və bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatıb. Bu gün Rusiya ilə Azərbaycan arasında sadəcə əməkdaşlıq, tərəfdaşlıq deyil, strateji müttəfiqlik münasibətləri də mövcuddur. Bütün bunlar da iki dövlətin müdrik rəhbərləri sayəsində mümkün olub. Əksər məsələlərdə bu iki dövlətin maraqları, mənafeləri üst-üstə düşür, uzlaşır. Təsadüfi deyil ki, Rusiya Prezidenti özü də Soçidə bəyanatında ölkəsi ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələrinin bağladığını açıq şəkildə bəyan etdi.
Ona görə də maraqlıdır, Əliyev-Putin görüşündə əldə edilmis kompleks razılaşmalar ümumən Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqinə çevrilməsində necə rol oynayacaq?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Prezident İlham Əliyevin Cənubi Qafqazda böyük ölkələrin maraqlarının toqquşduğu bir ərəfədə Soçidə Rusiya dövlət başçısı Putinlə görüşü və sənədlərin imzalanması iki ölkə arasında qonşuluq münasibətlərinin, ikitərəfli əlaqələrin inkişafına töhfə vermiş olacaq. Hazırda Cənubi Qafqazda Gürcüstan və Ermənistanda Rusiyanın siyasəti tənəzzülə uğrayır və hər iki respublika ilə ticari-iqtisadi əlaqələri mənfi saldo təşkil edir. Soçidə dövlət başçılarının iqtisadi sferanı əhatə edən “Yol Xəritəsi”ni imzalaması, gömrük, kənd təsərrüfatı, hərbi və digər sahələri özündə ehtiva edən sazişlərin imzalanması, hesab edirəm ki, Moskva ilə Bakı arasında bundan sonra əməkdaşlıqda yeni səhifə açacaq. Çünki indiki müqavilələr əvvəlki sazişlərdən daha da əhatəli və iki ölkənin milli maraqları, qarşılıqlı hörmət əsasında daha da geniş sahələri əhatə edəcək. Qeyd edim ki, nə Gürcüstanla, nə də Ermənistanla bu kimi iqtisadi və ticari əlaqələri inkişaf etdirəcək sazişlər yoxdur. Ona görə də Qafqazda Azərbaycan strateji ölkədir və hesab edirəm ki, Moskva artıq Azərbaycanın milli təhlükəsizlik maraqlarına hörmət etməli, Qarabağ münaqişəsinin həllində dəstəyini ifadə etməlidir. Biz dövlət başçılarının mətbuata birgə bəyanatına fikir versək görərik ki, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin dövriyyəsi 2,5 milyard dollardır. Ona görə də bu iqtisadi əməkdaşlıq imkan verə bilər ki, strateji əlaqələrimiz daha da yüksək olsun. Təbii ki, Rusiya ilk növbədə işğal olunmuş ərazilərin qaytarılmasında real siyasət ortaya qoymalıdır. Belə olacağı təqdirdə, Azərbaycan Rusiyanın əsas müttəfiqinə çevrilə bilər”.
Vidadi ORDAHALLI