Azər Allahverənov: “Bu, Cənubi Qafqazda Azərbaycanın mövqeyini bir qədər də möhkəmləndirir”
“Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək”. Xəbər verildiyi kimi, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 1-də Soçidə mətbuata bəyanatında bildirib.
O, “Şimal-Cənub” nəqliyyat dəhlizinin önəmi ilə bağlı bir sıra məqamlara toxunub: “Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də “Şimal-Cənub” dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”.
Məlumat üçün qeyd edək ki, sözügedən dəhliz vasitəsilə bir sıra yüklər Asıya ölkələrindən Avropaya və oradan da əks istiqamətdə daşınacaq. Azərbaycan, Rusiya və İran arasında dəhlizin reallaşdırılması ilə bağlı razılaşma əldə edildikdən sonra bir sıra digər ölkələr də bu layihəyə qoşulmağa maraq göstərirlər.
Bütün bu deyilənlərin fonunda, Rusiya dövlət başçısı Vladimir Putinin Prezident İlham Əliyevlə görüşdə “Şimal-Cənub” dəhlizinin önəminə xüsusi yer ayırması nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bunu bir sıra amillərlə əlaqələndirdi. Onun sözlərinə görə, bu bir daha həmin layihənin reallaşmasında Azərbaycanın əhəmiyyətini göstərir: “Yəni Soçi görüşündə böyük regional layihələrdə Azərbaycanın rolu bir daha vurğulandı. Rusiyanın sözügedən prosesdə fəallığı şübhəsiz ki, təsadüfi deyil. Bu, Azərbaycanla tərəfdaş qismində həmin layihələrin icrasında iştirakını göstərən bir müzakirələr oldu. Faktiki olaraq, Azərbaycan bütün dünyaya bəyan etdi ki, bu gün həmin layihələrin nəinki icraçısı, hətta çox zaman o layihələrin ideya müəllifidir. Dünya, xüsusən də Avropanın inkişaf etmiş dövlətləri bunu rəğbətlə qarşıladılar. Bəzi hallarda elə olurdu ki, Rusiyada müəyyən dairələr Azərbaycanın oynaya biləcəyi rola mane olmaq istəyirdilər. Ancaq Putin administrasiyası hər zaman Azərbaycan siyasi hakimiyyətinin yanında idi. Nəticə etibarilə də Soçidə aparılan müzakirələrdə bir sıra məsələlərə aydınlıq gətirildi. O mənada ki, faktiki olaraq, Rusiyanın Azərbaycanla bağlı siyasəti nəinki hansısa nöqtələrdə kəsişir, hətta bəzi hallarda bu üst-üstə düşür. Faktiki olaraq, beynəlxalq yükdaşımalar, “Şimal-Cənub” nəqliyyat dəhlizi, karbohidrogen resursların Avropa məkanına çatdırılması və bir çox məsələlər həm də Rusiya siyasi hakimiyyətinin maraq göstərdiyi məsələlərdir. Sözügedən prosesdə Rusiya həm də Azərbaycanın yanında olmaqla bu layihələrdə öz iştirakını bəyan edir. Yəni, ən azından, Çin vasitəsilə daşınan yüklər Xəzər dənizindən keçməklə Azərbaycan vasitəsilə Gürcüstan və digər Avropa ölkələrinə çatdırılır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşmasında Rusiya fəal iştirak etməklə həm də özünün yüklərinin bir qismini Avropaya çıxarmış olacaq. Bu həm də müəyyən mənada ucuz başa gələ bilər. Çünki Rusiya-Ukrayna qarşıdurması fonunda, bu layihə daha cəlbedicidir. Ona görə də Soçidən bununla bağlı verilən mesajlar layihənin önəmli olmasını bir daha göstərir. Eyni zamanda, bu, Cənubi Qafqazda Azərbaycanın mövqeyini bir qədər də möhkəmləndirir”.
Vidadi ORDAHALLI