Qabil Hüseynli: “Hər halda, Kreml rəhbəri açıq fikrini dilə gətirdi və...”
Məlum olduğu kimi, sentyabrın 1-də Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib. Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. İki ölkə prezidenti arasında keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib.
Rusiya Prezidenti V.Putin Soçidə Prezident İ.Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək: “Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq”.
Prezident İ.Əliyev də bəyan edib ki, Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır: “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər. Həmçinin, regiona sülh, sabitlik və əməkdaşlıq gətirər”.
O da bir reallıqdır ki, münaqişənin tənzimlənməsində Rusiyanın Ermənistana təsir rıçaqları böyükdür. Sadəcə, bu məsələdə Rusiyanın öz səylərini artırmasına ehtiyac var. O baxımdan Prezident İ.Əliyevlə görüşdə Putinin Qarabag bəyanatında yeni yanaşma ruhu duyulurmu və bu nə vəd edir?
Sözügedən məsələni dəyərləndirən politoloq Qabil Hüseynli buna bir neçə rakursdan yanaşır. Onun fikrincə, bu məsələdə müəyyən ümidlər var: “Rusiya rəhbəri bu məsələdə səylərini davam etdirəcəyini söylədi. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının xeyrinə addım atacağı ehtimalı böyükdür. Putin bəyan etdi ki, Kreml bundan sonra da Minsk Qrupunun həmsədri kimi münaqişənin həllinə öz real dəstəyini verəcək. Hər halda, Kreml rəhbəri açıq fikrini dilə gətirdi və Moskvanın Azərbaycana strateji tərəfdaş kimi yanaşdığını vurğuladı. Bu strateji tərəfdaşlığı daha da inkişaf etdirərək, strateji müttəfiqliyə çevirmək uğrunda iş gedir. Yaxın zamanda bunun reallaşması mümkündür. Hesab edirəm ki, Prezident İ.Əliyevin Rusiyaya səfəri Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına təkan verəcək. Bu cür addımlar şimal qonşumuzla olan əməkdaşlığın genişlənməsinə xidmət edir. Liderlər arasında baş tutan görüşün və Putinin açıqlamalarının səmimi olduğu ortada idi. Görünən odur ki, bundan sonra ikitərəfli münasibətlərin inkişafında fərqli mövqe tutulacaq. Ümid edirik ki, dövlət başçılarının təması lazımi nəticələr verəcək. İki ölkə arasında bir çox sahədə, o cümlədən iqtisadi sektorda müəyyən inkişaf var. Prezident İ.Əliyevin səfərindən sonra iqtisadi əlaqələr daha da güclənəcək. Rusiya ilə ikitərəfli münasibətlərin iqtisadi tərəfi də çox vacibdir. Çünki iqtisadi əməkdaşlıq sferasının genişləndirilməsi hər iki dövlət üçün sərfəlidir”.
Vidadi ORDAHALLI