Vaqif Abışov: “Mənim Qubadlının, eləcə də digər torpaqlarımızın işğaldan azad ediləcəyi günə ümidim böyükdür”
Qubadlı deyəndə könlümüzdən o yurda qovuşmaq keçir. Qoc Nəbinin, igid Həcərin səsi-sədası yaşayan, Azərbaycan ədəbiyyatına, ictimai fikrinə Əli Vəliyev, Süleyman Rəhimov kimi nəhəng ədiblər, şəxsiyyətlər bəxş edən Qubadlı 25 ildir ki, işğaldan azad ediləcəyi günü səbrsizliklə gözləyir, elə qubadlılılar da əzizlərinin uyuduğu, ev–eşiklərinin viranə qaldığı yurd yerlərinə tələsirlər. Tələsirlər ki, Qubadlıda yenə ev-eşik, isti yuva qurub düşmənə göz dağı versinlər, sinə dağı çəksinlər. Hələlik isə o həsrət dağlarını aşıb yurdumuza qovuşa bilmirik... Bəlkə də hər açılan səhər bizi o yurda bir iynə ucu boyda yaxınlaşdırır. Hər halda buna ümidimiz böyükdür. Necə deyərlər, ümid ən sonda ölür, bizim isə sonumuz işıqlı görünür.
Qubadlı ürəyimizdə 25 yaşlı bir dərdə çevrilib, o dərdin isə bircə çarəsi var- Qubadlıya qovuşmaq. Yağı nəfəsindən xilas olmaq istəyir Qubadlı. Qolunu doğmalarının boynuna salıb vüsala qovuşmaq istəyir o yaralı yurdumuz. Onun da yarasını ancaq öz doğma övladları sağalda bilər.
25 il Qubadlıdan ayrı düşmək ağrısını yaşayan qubadlılılar yurdlarımızın işğaldan azad ediləcəyi günə böyük ümidlər bəsləyir. Ümidləri çiçək açsın!
31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Qubadlı rayonu zəngin yeraltı sərvətləri və əsrarəngiz təbii gözəlliyi ilə məşhurdur. Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Məlumatlara görə, rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud olub. Qubadlı rayonunda yaşı 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Çox təəssüf ki, indi o meşələrə də, ağaclara da, təbii sərvətlərə də, bir sözlə Qubadlı təbiətinə ermənilər tərəfindən divan tutulub.
Sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları var idi.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Qubadlının işğalından 25 il keçir. Bu 25 ildə yalnız qubadlılılar deyil, bütün Azərbaycan xalqı o yurdun, ümumiyyətlə işğal altında olan bütün torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə hər birimiz böyük ümid bəsləyirik. İnanırıq ki, o gün yaxındadır.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bizimlə söhbətində illərdir Qubadlı yarasını sinəsində gəzdirdiyini bildirdi. V.Abışovun sözlərinə görə, hər gün erməni tapdağında olan yurdlarımıza qovuşmaq ümidi ilə yaşayır: “1993-cü il xalqımızın tarixində çox faciəvi səhifələr açıb. 1993-cü ildə təkcə Qubadlı deyil, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həm Qubadlının, həm də o biri rayonlarımızın işğal edilməsi xalqımız, gənc nəsillərimiz, eləcə də bütün türk dünyası üçün böyük bir ağrıdır. Bu gün Qubadlının işğal edilməsindən 25 il keçir. Biz bu günü hüzn günü kimi qeyd etməliyik ki, gənc nəsil bu itkinin ağrısını hiss etsin, o yurda qayıtmaq üçün mübarizə aparsın. Çox təəssüf ki, Qubadlı yağı düşmənin tapdağı altındadır. Ermənilər orada evlər tikir, tariximizi saxtalaşdırır, təbiətimizə divan tutur, zəngin yeraltı, yerüstü sərvətlərimizi talan edir. 25 il əvvəl ermənilər tərəfindən işğal edilən Qubadlı bizim hələ qaysaq bağlamamış, qan verən yaralarımızdan biridir. Biz o yaranı sağaltmalıyıq. Təbii ki, bu yaraların sağalması da, Qubadlının və digər işğal altında olan torpaqlarımızın yağılardan, mənfur ermənilərdən xilas etməyimizdən keçir. Hesab edirəm ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızı silah gücünə erməni tapdağından azad etməlidir. Biz hər il itirdiyimiz yurdların hüznlü ildönümlərini qeyd edirik. Amma ümid edirəm ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Qubadlının, həmçinin də işğalda olan digər yurdlarımızın zəfər ildönümlərini qeyd edəcəyik. Çünki ölkəmizdə xalq və dövlət birliyi mövcuddur, xalqımız da, dövlətimiz də birmənalı olaraq silah gücünə də olsa o torpağı azad etmək fikrindədir. Bunu dəfələrlə ən yüksək tribunalardan cənab Prezident də səsləndirib, deyib”.
V.Abışov qeyd etdi ki, beynəlxalq siyasi dairələr sülh yolu ilə işğal altında olan torpaqlarımızın azad edilməsi üçün konkret işlər görməlidir, ya da ki, öz torpaqlarını yağılardan xilas etməsi üçün Azərbaycana şərait yaratmalıdır.
Qubadlılıların, bütövlükdə Azərbaycan xalqının işğal faktı ilə barışmadığını deyən tarixçi alim hesab edir ki, gec-tez torpaqlarımız xilas ediləcək: “Mənim Qubadlının, eləcə də digər torpaqlarımızın işğaldan azad ediləcəyi günə ümidim böyükdür. Gərək bu ümidin tezliklə qol-qanad açması üçün təbliğat işi gücləndirilsin, bu yöndə işlərimiz bir an da dayandırılmasın”.
İradə SARIYEVA