Bu il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Həmçinin, bu il Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi tamam olacaq. Bu səbəbdən də Parlamentin 100 illiyi ilə bağlı sentyabrın 20-də Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək. Bu münasibətlə bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.
Maraqlıdır, 100 illik parlament tariximiz yetərincə təbliğ olunubmu?
Tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 100 il ərzində Azərbaycan Parlamenti yetərincə təbliğ olunmayıb: “Cümhuriyyət dövründə demokratik parlamentin yaradılması böyük bir hadisədir. Azərbaycan Parlamenti fəaliyyətə başladığı gündən etibarən demokratik ənənələri davam etdirdi. Azərbaycan Parlamentinin təbliğ olunması Azərbaycanın bu günü, onun beynəlxalq aləmdə sivil və demokratik ənənəyə malik olan dövlət olduğunu təsdiqləmək və nümayiş etdirmək üçün olduqca önəmlidir. Tarixə nəzər salsaq həmin şəxslərin necə iz qoyduğunu görmək olar. Onların gördüyü işlər bu günkü Azərbaycanın təməlini təşkil edir. Azərbaycan dövlətçiliyinə onlar öz töhfəsini veriblər. Ancaq müasir Azərbaycan dövləti üçün bir sıra məsələlərin həll olunması önəmlidir”.
Həmsöhbətimiz hesab edir ki, təbliğatın aparılması önəmlidir: “Təbliğat əsasən müxtəlif formada həyata keçirilir. Filmlər çəkilir, verilişlər hazırlanır, Kütləvi İnformasiya Vasitələri hər zaman olduğu kimi bu sahədə aktivliyini saxlayır. Azərbaycan Parlamenti ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycanın beynəlxalq aləmdəki təmsilçiləri bu yükü üzərinə götürməlidir. Xaricdə ölkəmizi təmsil edən səfirliklər, diaspora ilə məşğul olan komitələr, vətəndaş cəmiyyətləri bu işdə olduqca fəal olmalıdırlar. Eyni zamanda, müasir Azərbaycan Parlamentinin üzvləri də bu işdə aktiv fəaliyyət göstərməlidirlər. Milli Məclisin üzvləri iki cildlik o dövrün Parlament stenoqramı ilə geniş tanış olmalıdırlar. Əldə etdiyi məlumatlar sayəsində onlar rəsmi səfərlərdə olarkən Azərbaycanı çox zəngin şəkildə təbliğ edə bilərlər”.
Günel CƏLİLOVA