Məhəmməd Əsədullazadə: “Maraqlı nüans odur ki, Fransa, İtaliya, Almaniya və digər Avropa ölkələri Azərbaycana silah satmaqda yarışa girməyə hazırdırlar”
Bu gün Azərbaycanın malik olduğu böyük maliyyə imkanları, həmçinin uğurlu beynəlxalq əlaqələr ölkəmizə hərbi müstəvidə də böyük üstünlüklər qazandırır. Belə ki, Azərbaycanla, digər sahələrlə yanaşı, hərbi sferada da əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Bura hətta bir vaxtlar Azərbaycana silah embarqosu tətbiq edən dövlətlər də daxildir. Real vəziyyətin təhlili də, artıq həmin ölkələrin mövqeyində ciddi dəyişikliklərin olmasını göstərir. Bura Avropanın ən aparıcı ölkələri də daxildir.
Digər tərəfdən, daha bir önəmli məqam budur ki, Avropanın, ümumiyyətlə, Qərbin aparıcı şirkətləri Azərbaycana təkcə silah satmaq yox, həm də ölkəmizlə hərbi sektorda birgə istehsal sahələri qurmaqda da maraqlı tərəf kimi çıxış edirlər.
Qeyd edək ki, uzun müddət Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib. Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıb. Onu da bildirək ki, sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir. Builki ADEX-də Fransa müdafiə sənayesini “MBDA Systems”, “CİFAL Group”, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər təmsil edəcək.
Ümumiyyətlə, sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 sərgisi bu dəfə müəyyən məqamları baxımından da xüsusi diqqət cəlb edir. Builki sərgi iştirakçı coğrafiyasının genişliyinə görə, əvvəlki iki sərgidən fərqlənir. Belə ki, budəfəki sərgidə maraqlı nüanslardan biri də son illər Azərbaycana regionda güc balansını dəyişən silah sistemlərinin satışını həyata keçirmiş şirkətlərin və silah embarqosunu aradan qaldıran ölkələrdən istehsalçıların qatılmasıdır. ADEX-2018 sərgisində Fransa ilə yanaşı, NATO və Avropa Birliyi ölkələrindən İtaliya, İspaniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Niderlandın hərbi şirkətləri Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif məhsulların təqdimatlarını keçirəcək. Bütün bunlar o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri üçün Qərb texnikasının da yolu açılır.
Ümumiyyətlə, Azərbaycanın hərbi arsenalında Qərbdən alınan texnikanın olmamasına baxmayaraq, ölkəmiz öz ordusunu kifayət qədər yüksək səviyyədə hərbi texnika ilə təchiz edə bilib. Bu da hərbi müstəvidə Azərbaycanın Ermənistan üzərində üstünlüyünü daha da artırıb. Elə bu səbəbdən İrəvan üçün ən böyük qorxulardan biri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllidir. Düşmən ölkə bilir ki, məsələnin güc yolu ilə həlli onun acı məğlubiyyəti ilə sonuclanacaq.
Görünən odur ki, Azərbaycana silah satmaq istəyən ölkələrin sayı artır. Ümumilikdə bu tendensiyanı ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə konteksdən yanaşdı: “Azərbaycan regionun aparıcı ölkəsi olaraq, bu gün Cənubi Qafqazda güclü silah arsenalına malikdir. Qeyd edim ki, ölkəmizin İsrail, Türkiyə, Ukrayna, Rusiya ilə silah ticarəti, Silahlı Qüvvələrimizin inkişafına töhfə verir. Həmçinin, digər silah ixracatçısı olan ölkələrin marağını cəlb edir. Neçə ildir, silah arsenalımızın müasir texnika ilə təchiz olunmasında İsraillə ikitərəfli əlaqələrin inkişafı göz önündədir. Bu gün Ermənistanın işğalçı siyasətinin davam etməsi də ölkəmizin yeni silahlara çıxışını labüd edən faktorlardan biridir. Məhz Qarabağ münaqişəsinə görə, Qərb ölkələri Azərbaycana bir neçə ildir silah satışına qadağa qoyub. Hazırda ölkəmizin müdafiə sənayesinin inkişafı, beynəlxalq silah sərgilərində uğurlu iştirakı, həm də maliyyə imkanlarının geniş olması ilə bağlıdır. Artıq Azərbaycan Fransa, İtaliya kimi silah ixracatçısı olan ölkələrin marağını cəlb edib. Azərbaycanda keçiriləcək beynəlxalq silah sərgisində Qərb ölkələrinin iştirakı artıq, ölkəmizin də Fransa, Almaniya və İtaliya kimi ölkələrin müasir silahlarına çıxışına imkan verəcək. Hesab edirəm ki, bununla Azərbaycan Ermənistan üzərində həm psixoloji, həm də hərbi üstünlüyü saxlamış olacaq. Hesab edirəm ki, Azərbaycanın silah arsenalının genişlənməsi həm də ölkəmizin silah ixracatçısına çevrilməsinə gətirib çıxaracaq. Bir məsələni qeyd edim ki, işğalçı Ermənistan bu kimi məsələlərdə kifayət qədər Azərbaycandan geridə qalacaq.
Bəli, Azərbaycan Qərbin silah sanksiyalarını yarır və öz maliyyə imkanları ilə yeni nəsil silahlarla ərazilərimizin işğaldan azad olunmasını yaxınlaşdırır. Maraqlı nüans odur ki, Fransa, İtaliya, Almaniya və digər Avropa ölkələri Azərbaycana silah satmaqda yarışa girməyə hazırdırlar”.
Vidadi ORDAHALLI