Fikrət Sadıqov: “Bu, güzəştli şərtlərlə silah satışında da ola bilər”
Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır. Bir vaxtlar münasibətlərdə mövcud olmuş soyuqluğa baxmayaraq, əlaqələr artıq strateji səviyyəyə yüksəlib. Münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir, iki ölkə arasında müxtəlif sahələrdə yüzdən artıq sənəd imzalanıb.
Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası, hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir: “Əsas odur ki, bütün istiqamətlərdə - humanitar, siyasi, iqtisadi sahələrdə münasibətlər inkişaf edir. Əlbəttə ki, bütün istiqamətləri bir-bir sadalamaq mümkün deyil”.
XİN rəsmisi bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı çox müsbət tendensiyadır.
Bir daha qeyd edək ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Ötən il iki ölkə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib. Ölkələr arasında indiyədək 170-dən çox sənəd imzalanıb.
Bütün bu deyilənlərin fonunda, hazırda yaxşılaşan münasibətlər konteksində Rusiyanın Azərbaycana güzəştli şərtlərlə silah satışı perspektivləri necə görünür?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov bunu istisna etmir: “Həqiqətən də Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və strateji partnyorluq günü-gündən artır. Bunu müxtəlif ikitərəfli müqavilələr, sazişlər sübut edir. Eyni zamanda, iki dövlət başçısı arasında mütəmadi görüşlər, söhbətlər olur. Dünyada indiki konteksdə qlobal qarşıdurma, həmçinin Ermənistanda baş verən qeyri-adi ziddiyyətlər fonunda, Azərbaycan-Rusiya münasibətləri daha yüksək pilləyə qalxan münasibətlərə çevrilir. Şübhə etmirəm ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri, Soçidə Putinlə görüşləri ikitərəfli münasibətlərin digər sahələrdə inkişafına müsbət təsir göstərəcək. O cümlədən, bu, güzəştli şərtlərlə silah satışında da ola bilər. Yəni, bununla bağlı daha yaxşı nəticələrin əldə olunmasına gətirib çıxara bilər. Bütün bunlar özü-özlüyündə həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına uyğundur və tərəflərin maraqlarına cavab verir. O baxımdan, bu istiqamətdə tərəflər arasında yaranan xoş münasibətlərə müsbət prizmadan yanaşıram”.
Vidadi ORDAHALLI