Bu günlərdə erməni saytları erməni əsilli Amerika vətəndaşı Den Bilzeryanın Ermənistana dönərək bu ölkənin vətəndaşlığını alması ətrafında əməlli-başlı şou yaradıb.
Onların yazdığına görə, guya artıq Ermənistanda demokratik quruluşun bərqərar olması bu ölkəyə investisiya cəlbində ciddi dönüş yaradıb və milyonçu iş adamı Den Bilzeryan da məhz bu səbəbdən ölkəsinə sərmayə yatırmaq, dövlətinə dəstək olmaq məqsədilə bura qayıdaraq tələm-tələsik vətəndaşlıq alıb. Hələ üstəlik, onunla bir süfrə arxasında oturub selfi çəkdirənlər də ortaya çıxıb ki, bu sırada eks-prezident Robert Köçəryanın oğlunun adı xüsusi hallanıb. Onların erməni oliqarxı Samvel Qriqoryanın restoranında birlikdə şam etdikləri deyilir. Həm də Bilzeryan tarixi vətəninə tək gəlməyib, ünlü model Saylen Medeyrosu da özü ilə gətirib. Maraqlıdır ki, erməni saytları bu multimilyoneri həm də aktyor və “pokerin kralı” kimi təqdim edir.
Əslində kimdir bu Bilzeryanlar? “Poker Diamond” nəşri yazır: Hər kəs İnstaqram ulduzu və silah azarkeşi Den Bilzeryanın “kefkom” həyat tərzi keçirdiyindən xəbərdardır, lakin çoxları bilmir ki, o bu həyatı yaşamaq üçün maliyyəni haradan alır. Bu qədər pulun azart oyunlar nəticəsində əldə olunduğunu düşünmək isə əbləhlikdir. O üzdən sual yaranır ki, Den Bilzeryanın valideynləri kimdir və ortaya onun atası pol Bilzeryanın bioqrafiyası çıxır.
Qısaca deyilsə, hazırkı pokeristin atası Pol Bilzeryan müxalifətçi, nümunəvi ailə başçısı və... əsl dələduzdur. Hazırda o, Sent-Kitts adasında könüllü olaraq tərkidünya həyat tərzi keçirir və nifrət etdiyi amerikan dövlətinə qarşı savaşmaq arzusundan vaz keçmədiyini açıq bildirir. Nəşrin xəbərinə görə, o, 25 il öncə qiymətli kağızlarla bağlı dələduzluqda ittiham olunub, lakin bugünə kimi məhkəmə ondan bu yolla mənimsədiyi 62 milyon dolları ala bilməyib. Maraqlıdır ki, bundan örtü birja sahibinə 3 milyon 700 min ödənilib, araşdırmalara isə 8 milyon 600 min xərclənib...
64 yaşlı ata Bilzeryan deyir ki, bu işdə heç bir günahı yoxdur, ondan bank hesabları barədə soruşulduqda isə deyib ki, “mən elə axmaq deyiləm bankda hesab açdırım”. Bioqrafiyasına gəldikdə isə, amerikan biznesinin bir çox akulaları kimi o heç məktəb də bitirməyib. Vyetnamda hərbi xidmət keçdikdən sonra isə hansısa yolla Stenford Universitetini və Harvard biznes-məktəbini bitirib. Biznesdə isə bəxti gətirib. Bir neçə uğurlu biznes əməliyyatının ardından 1988-ci ildə yenə “əli gətirən” Pol Bilzeryan ”Singer Co” kompaniyasının sahibinə çevrilib. Lakin bu uğur uzun sürməyib və gənc biznesmenlə ölkənin qiymətli kağızlar və birjalar komissiyası maraqlanmağa başlayıb – o, Uolt-Stritdəki kompaniyanı dələduzluqla ələ keçirməkdə şübhəli bilinib. Elə həmin ildə Pol Bilzeryan həm də başqa adlar altında investisiya qoyuluşunda və maliyyə mənbəyinin gizlədilməsində suçlu bilinib. Bundan sonra eyni ittihamla 4 il həbs alan və külli miqdarda cərimə ödəyən ata Bilzeryan 13 ay həbs yatdıqdan sonra azadlığa çıxsa da, ona qarşı ittihamlar səngiməyib. Lakin maraqlıdır ki, bu halda belə o, bütün sərvətini Florida ştatına daşıyaraq özünü müflis elan etməklə cərimələrdən yayına bilib. Daha sonra isə o, həmin sərvəti ümumiyyətlə ABŞ-dan çıxarmağı bacarıb və Kayman və Kuku adalarında biznesini çiçəkləndirə bilib...
Bütün bu məlumatlardan sonra ermənilərin bu şəxsin varisi olan Dün Bilzeryanın ölkəyə dönüşünü və Ermənistana böyük sərmayələr yatıracağı barədə xəbərləri təbəssümsüz oxumaq mümkün deyil. Soruşmaq istəyirsən: əcəba, ermənilər bu qədər safmıdır? Axı gerçəklər hər zaman bunun əksini göstərib...
Beləliklə, aydın görünür ki, Den Bilzeryan Ermənistana gəlib buranın vətəndaşlığını almaqla əslində ABŞ qanunvericiliyinin təqibindən yayınmağı hədəfləyib və göründüyü kimi, erməni iş adamının Ermənistana dönməsi heç də onun vətənpərvərlik hisslərinin “qıcqırması” ilə deyil, əslində öz canını qurtarmaqla bağlıdır. Bunun isə əsl dələduzlara xas davranış olduğunu əlavə şərhə ehtiyac yoxdu...
SAMİRƏ