“Onlar indidən qorxurlar ki, Rusiaya ilə bu istiqamətdə əldə olunan razılaşma yalnız Dağlıq Qarabağ üzərindən ola bilər”
Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyü məsələsinə baxılarsa Ermənistan öz veto hüququndan istifadə edəcək. Bu barədə Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan avqustun 28-də İrəvanda jurnalistlərə bildirib. O, Azərbaycanın KTMT və AİB-də iştirakının mümkünlüyü barədə sualı belə şərh edib: “Həqiqətən analitik dairələrdə belə müzakirələr gedir, lakin bu müzakirələr ehtimallara əsaslanır. Ermənistan XİN-in rəsmi mövqeyi belədir: Azərbaycanın KTMT və AİB-də üzvlüyü məsələsinə baxılarsa, Ermənistan öz veto hüququndan istifadə edəcək”.
Onun sözlərinə görə, KTMT və AİB-də qərarlar konsensus ilə qəbul olunur: “Biz bu məsələyə dair mövqeyimizi bəyan etmişik. Ermənistanın xarici işlər naziri Mnatsakanyan ölkənin mövqeyini aydın açıqlayıb”.
Məlum olduğu kimi, Azərbaycan belə fikirdə olduğunu rəsmən bəyan etməyib. Belə olan təqdirdə Ermənistan Azərbaycanın həmin təşkilatda hətta üzv ola biləcəyi ilə bağlı ehtimala belə niyə bu qədər ehtiyatla yanaşır?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan həmin qurumlara üzv olmaqla bağlı rəsmi səviyyədə hər hansı bir açıqlama verməyib: “Belə bir açıqlama ilə Xəzər sammitindən sonra parlamentin üzvü olan Əli Hüseynli öz şəxsi mülahizələrini irəli sürüb. Ancaq göründüyü kimi, hətta kiçik bir müzakirə belə Ermənistanı bərk əndişələndirib. Doğrudur, Əli Hüseynlinin səsləndirdiyi fikir ətrafında Azərbaycanda ciddi müzakirələr aparıldı. Əli Hüseynlinin səsləndirdiyi ehtimalda belə bildirilirdi ki, Azərbaycan həmin quruma bir şərtlə üzv ola bilər ki, bizim şərtlərimiz yerinə yetirilsin. Bizim həmin qurumla əməkdaşlığımız olub və gözləntilərimiz özünü doğrultmayıb. Başlıca istəyimiz işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı olub. Amma təəssüflər olsun ki, həmin vaxt işğalçı öz adı ilə çağrılmayıb. KTMT-nin başlıca inisiatoru Rusiya olub və onu NATO-ya alterantiv yaradıb. Rusiya bununla çalışır ki, postsovet ölkələrini bura cəlb etməklə NATO-nun özünə doğru genişlənməsinin qarşısını alsın. Hələlik buna qismən nail olub. Bizimlə düşmən münasibətdə olan Ermənistan da oranın üzvüdür. Dəyişən dünya düzənində Cənubi Qafqaza böyük maraq var. Rusiya bunu anladığı üçün bizim istər KTMT, istərsə də Avrasiya İttifaqında olmamızı istəyir. Dağlıq Qarabağ konfliktinin həll edilməməsi bu önəmli regiondakı təhlükəsizlik risqlərini artırmış olur. Çünki bu zonanın nəzarət olmunmayan hissələrindən sızmalar olur. Bir sözlə, həm Qərb, həm də Rusiya burda maraqlarının təmin olunmasını istəyir. Azərbaycanın bütün istəklərinin kökündə Dağlıq Qarabağ məsələsi durur. Bu bizim üçün prioritetdir. Hələlik bu istiqamətdə Rusiyadan önəmli addımların atıldığının şahidi olumuruqsa, niyə gedib həmin qurumlara üzv olmalıyıq? Ermənistanın da narahatlığı məhz bu məqamla bağlıdır. Yəni Azərbaycan nəyisə əldə etmədən o qurumlara üzvlük yolunu seçməz. Onlar indidən qorxurlar ki, Rusiaya ilə bu istiqamətdə əldə olunan razılaşma yalnız Dağlıq Qarabağ üzərindən ola bilər. Bu da onları bərk narahat edir. Başqa hər hansı bir təklif Azərbaycanı ora apara bilməz”.
Məhəmmədəli QƏRİBLİ