Azərbaycanın əsas strateji mütəffiqi sayılan Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin müstəvidə inkişaf etməkdədir. Buna əsas səbəb ABŞ-ın Türkiyəni hələ də öz iradəsinə tabe etmək niyyətidir.
Bu arada diqqət çəkən məqam konqresmen Maykl Törnerin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirməsidir. Tərəflər F-35, S-400 və PKK terror təşkilatı ilə bağlı məsələləri müzakirə edib. ABŞ-dan olan heyət F-35 qırıcıları ilə bağlı sanksiyaların aradan qaldırılması üçün S-400 zenit-raket komplekslərinin alınmasından imtina edilməsini istəyib. Amerikalı heyət “Münasibətlərimizin yaxşılaşmasını istəyirik, S-400-lərdən imtina edin, F-35-lər üçün maneə aradan qalxsın” mesajını verib.
Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib. ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.
Digər məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə Ankaraya rəsmi səfər edən amerikalı konqresmenlərin irəli sürdüyü şərtlər barədə sərt açıqlama verib. Nazir ABŞ-ın Rusiyadan alınan S-400 havadan müdafiə sistemindən vaz keçilməsi təqdirində F-35 qırıcılarının Türkiyəyə təslim edilməsinin təklif deyil, məcburiyyət olduğunu deyib: “Konqres üzvlərinin Türkiyəyə gəlməsi əhəmiyyətlidir. ABŞ-da fərqli qurumlar, fərqli pozisiyalar var. Türkiyənin əhəmiyyətini dərk edən konqresmenlər də var. Hər şeyə rəğmən, ABŞ-la dialoqun saxlanması önəmlidir. Münasibətləri normallaşdırmaq üçün qəbuledilməz şərtlər qoymamaq lazımdır. Bizim havadan müdafiə sisteminə ehtiyacımız var. Bunu ABŞ daxil, müttəfiqlərimizdən istədik, ancaq ala bilmədik. Amerika “Patriot”ları satmaq təminatı verirmi? F-35-lərdə belə şərtlərə qaçır. Mənim havadan müdafiə sistemini almağım seçim deyil, məcburiyyətdir. Kovboy filmi kimi “istədiyimi edərəm” deyərsə, bunun bir qarşılığı olar. Rusiya ilə münasibətlərimiz isə Avropa İttifaqı ilə münasibətlərə, ya da ABŞ-a alternativ deyil. Türkiyənin xarici siyasəti balansı qorumaqdır”.
Baş verənlərlə bağlı ABŞ-ın “Project Syndicate” nəşri yazır ki, Türkiyəni itirməklə ABŞ Yaxın Şərqdə, Qafqazda belə zəif mövqeyə sahib olacaq. O da vurğulanır ki, Türkiyə Rusiya ilə yaxınlaşma şəraitində Qafqazda daha güclü mövqenin sahibi olacaq və bu da region ölkələrindən Azərbaycanın istəklərinə tam uyğundur. Nəşr bu xüsusda daha sonra yazır: “ABŞ prezidenti Donald Trampın ticari-siyasi səhvləri arasında Türkiyə bu günə qədər ən dəhşətli fenomendir. Bir neçə il əvvəl Türkiyə iqtisadi və geosiyasi uğur misalı idi və Birləşmiş Ştatlar qürurla bunda əsas rol oynadığını iddia edə bilərdi.
Bəzi ikitərəfli mübahisələr olsa da, Türkiyə onilliklər boyu ABŞ-ın etibarlı müttəfiqi olub. Ancaq son illərdə münasibətlərdə dəyişiklik baş verib. Bu yay Türkiyə iqtisadiyyatı olduqca sərbəst maliyyə siyasətinin ağırlığı altına girib. Daha sonra ABŞ-ın ticarət maneələri və sanksiyalarla “cəzalandırma” tədbirlərinə baxmayaraq, türk hökuməti həbsxanadakı amerikalı pastoru azad etməyib. Tramp türk alüminiumu və poladına idxal tariflərini ikiqat, müvafiq olaraq 20 və 50% artırdığını açıqlayıb. Türkiyənin valyuta böhranı qeyri-sabit iqtisadi siyasətdən geri çəkilmə üçün hökumətə çağırış ola bilərdi. Ancaq Tramp administrasiyasının hərəkətləri sayəsində prezident Rəcəb Tayyib Ərdoğan problemi “bu, ölkəmizə qarşı iqtisadi müharibənin güllələri, mərmiləri və raketləridir”, – deyə dərinləşdirib.
Sözsüz, Ərdoğan da günahsız deyil. Ancaq Türkiyənin Qərbə inteqrasiyasının uzun müddət Avropa və ABŞ-a əhəmiyyətli strateji fayda verdiyi xatırladılmalıdır. Keçmişdə tariflər başqalarına təzyiq göstərmək üçün alət olmayıb. ABŞ, əlbəttə, pastorun azad edilməsi üçün hərəkət etmiş olsa da, əlavə tariflərin tətbiqi ilə həddi aşıb. Çünki digər ölkələr daha ağır cinayətlər üçün daha yüngül cəzalara məruz qalıb.
Beynəlxalq birlik uzun müddət ticarət müharibələrinin qlobal ticarət sisteminə qarşı birbaşa təhlükə yaratdığını qəbul edib və beləliklə bu, son fövqəladə tədbir (və çoxtərəfli təşkilatlar vasitəsilə) kimi istifadə olunmalıdır. Tramp Türkiyə böhranına qatılmasaydı, Ərdoğanın populyarlığı mütləq şəkildə düşər və hökumət iqtisadi siyasəti dəyişmək məcburiyyətində qalardı. Türk ictimaiyyətinə ölkənin iqtisadi problemlərinin evdə yaradılması və yaxşı zamanların davam etmədiyi aydın olardı. Ancaq indi Ərdoğanın inandırıcı etibarı var. Türkiyəyə qarşı “iqtisadi müharibə aparan” əcnəbilərə müqavimətlə o daha çox ictimai dəstək əldə edib. Ancaq bəzi dəyişikliklər istisna olunmaqla, qarşıdurma hər iki tərəf üçün faciə ilə sona çatacaq. ABŞ əsas müttəfiqini itirəcək”.
Nahid SALAYEV