Məhərrəm Zülfüqarlı: “Xırda hisslərlə yaşayan insanların hansısa aksiya keçirməsi Avropa ölkələrində adi haldır”
Xəbər verildiyi kimi, Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaza, xüsusən də Bakıya səfəri böyük marağa səbəb olub. Görünən odur ki, onun Azərbaycana önəm verməsi xüsusi əhəmiyyət kəsb edir.
Nəzərə almaq lazımdır ki, regionda bütün parametrlərə görə ən aparıcı dövlət Azərbaycandır. Merkel də bunun fərqində olduğuna görə Azərbaycana səfərinə xüsusi önəm verdi. Baxmayaraq ki, Merkelin digər Qafqaz ölkələri - Gürcüstan və Ermənistana da səfəri oldu, amma Qərb mediası bu ölkələrdə keçirilən görüşlər və verilən bəyanatlardan çox Bakıda keçirilən müzakirələr üzərində kökləndi.
Avropanın əsas iqtisadi mərkəzi olan Almaniya Avropa İttifaqının lokomotivi rolunu oynayır. O da məlumdur ki, A.Merkelin regiona səfəri ərəfəsində Qərb mediasının əsasən məhz Azərbaycan üzərində dayanması isə bir çox dairələr tərəfindən ciddi qısqanclıq və narahatlıqla qarşılanırdı. Bu narahatlıq ilk növbədə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivlərindən irəli gəlirdi. Təbii ki, layihənin xüsusilə də TAP hissəsinin reallaşmasını istəməyən müəyyən dairələr var idi. Digər narahat qrup isə Almaniyada yaşayan mühacirlər idi. Almaniyada fəaliyyət göstərən bəzi mühacirlər müəyyən aksiyalar keçirməklə, Merkelin Bakıya səfərini təxirə salmağa səy göstərdilər. Bununla bağlı aksiya və piketlər keçirildi. Eyni zamanda, həqiqətə uyğun olmayan şüarlarla çıxış ediblər. Ancaq Merkel bu kimi qrupların göstərdiyi “səylərə” əhəmiyyət verməyərək Azərbaycana yüksək səviyyədə səfər etdi. Nəticədə sözügedən mühacir qrupların çağırışları nəticəsiz qalıb. Həmin radikal mühacir qruplar sözügedən aksiyaların timsalında öz niyyətlərinə çata bilmədilər.
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Merkelin Azərbaycana səfərini əngəlləmək istəyən qruplar öz niyyətlərinə çata bilmədilər: “Bəzi mühacirlər təəssüf ki, yad ölkədə Azərbaycana qarşı belə fəaliyyətlə məşğul olurlar. Kimdənsə nəsə ummaq, nəsə almaq və kimlərinsə tapşırığını yerinə yetirmək üçün belə xoşagəlməz aksiyalara qoşulurlar. Mən elələrini Almaniyada Xocalı soyqırımı ilə bağlı tədbirlərə gedərkən görmüşəm. Onların vəziyyəti elə də yaxşı deyil. Ona görə də onlar hər şeydən istifadə etməklə, orada sığınacaq, vəsait almaq məqsədi güdürlər. Buna ancaq təəssüf etmək olar. O mənada ki, belə rəzil vəziyyətə düşüblər. Nəzərə almırlar ki, Azərbaycan güclü dövlətdir. Belə aksiyalarla nəyəsə nail olmaq mümkün deyil. Necə ki, bununla heç nə əldə edə bilmədilər. Digər tərəfdən, Almaniyanın hər zaman müəyyən maraqları olub. Bu baxımdan Azərbaycanın yeritdiyi müstəqil dövlətçilik siyasəti güclü siyasət olduğundan, rəsmi Bakının maraqları nəzərə alınır. Azərbaycan dövləti ilə hesablaşırlar. Xırda hisslərlə yaşayan insanların hansısa aksiya keçirməsi Avropa ölkələrində adi haldır. Azərbaycan öz uğurlu siyasəti ilə qarşısına qoyduğu hədəflərə çatır və bundan sonra da hansısa çətinliklərin olacağını düşünmürəm”.
Vidadi ORDAHALLI