Hatəm Cabbarlı: “Makron bunu etiraf etməklə, eyni zamanda, son 60 ildə Avropa İttifaqının Türkiyəyə yönəlik yanlış siyasətini qeyd edib”
Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya və Türkiyə ilə strateji əməkdaşlıq qurmasının vacibliyindən danışıb.
Makron Rusiya və Türkiyə ilə münasibətlər haqda düşünmədən uzunmüddətli perspektivdə Avropanı qurmağın mümkün olmayacağını bildirib. Makron Türkiyəni Avropa İttifaqına üzv etməyin deyil, yeni strateji əməkdaşlıq qurmağın vacibliyini qeyd edib: "Türkiyə Prezidenti anti-Avropa kimi təqdim edilən panislamist planını hər növbəti gün təsdiq edərkən, biz Türkiyənin Avropa İttifaqı üzvlüyü haqqında aydın və açıq şəkildə düşünə, yaxud danışa bilərikmi? Bu mütəmadi tədbirlər bizim prinsiplərimizin ziddinə gedir. Türkiyə Prezident Ərdoğan dövrünün Türkiyəsidir, Atatürk dövrünün deyil”.
Fransa Prezidenti Rusiya və Türkiyənin Avropa ilə ortaq tarixi olmasından dolayı strateji təhlükəsizlik baxımından onları Avropaya əlavə etməyin vacib olduğunu deyib: "Münasibətləri strateji əməkdaşlıq üzərində qurmaq lazımdır, Avropa İttifaqına üzvlük üzərində yox. Rusiya və Türkiyə ilə strateji əməkdaşlıq bizim kollektiv təhlükəsizliyimiz üçün vacibdir. Onları Avropaya əlavə etmək lazımdır. Çünki bu xalqlarla Avropanın ortaq tarixi var. Biz onlarla gələcəyimizi qurmalıyıq”.
Makronun bu bəyanatından hansı nəticəni çıxarmaq olar?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın xarici və təhlükəsizlik siyasəti sadəcə ABŞ-a qarşı olan dövlətlər tərəfindən deyil, son zamanlarda onunla müttəfiq olan dövlətlər tərəfindən də narazılıqla qarşılanır: “Xüsusilə Türkiyəyə yönəlik mürəkkəb kombinasiyalı, müttəfiqlik münasibətlərini zədələyən siyasət həyata keçirməsi Türkiyə tərəfindən anlaşılmazlıqla qarşılanır və mümkün çərçivədə qarşılıq verməyə çalışır. ABŞ administrasiyasının məsuliyyətsiz siyasəti Fransa Prezidenti Emmanuel Makron tərəfindən də tənqid edildi və mövcud şəraitdə Avropanın Rusiya və Türkiyə ilə strateji əməkdaşlıq qurmasının vacibliyindən danışdı. Makron Rusiya və Türkiyə ilə münasibətləri inkişaf etdirmədən uzunmüddətli perspektivdə Avropanı qurmağın mümkün olmayacağını bildirib. Makron daha sonra fikirlərini belə dilə gətirib: “Türkiyə Prezidenti anti-Avropa kimi təqdim edilən panislamist planını hər növbəti gün təsdiq edərkən, biz Türkiyənin Avropa İttifaqı üzvlüyü haqqında aydın və açıq şəkildə düşünə, yaxud danışa bilərikmi? Bu mütəmadi tədbirlər bizim prinsiplərimizin ziddinə gedir. Türkiyə Prezident Ərdoğan dövrünün Türkiyəsidir, Atatürk dövrünün deyil”.
Makron bunu etiraf etməklə, eyni zamanda, son 60 ildə Avropa İttifaqının Türkiyəyə yönəlik yanlış siyasətini qeyd edib. Bu gün tərəflər arasında münasibətlər gərginləşsə də, hələlik qopma nöqtəsinə gəlməyib. AKP-nin iqtidarda olmadığı illərdə də Avropa İttifaqı Türkiyəni quruma üzv qəbul etməmək üçün əlindən gələn hər şeyi edirdi. Yəni burada əsas məsələ AKP-nin və yaxud başqa bir siyasi partiyanın iqtidarda olması deyil, Türkiyə dövlətidir. Avropa İttifaqı Türkiyə kimi böyük bir dövləti öz içərisində əridə biləcəyindən əmin deyil. Üzvlük Türkiyəyə geniş siyasi və iqtisadi imkanlar açır. Avropa Parlamentində əhalisinin sayına görə səsə sahib yeni, həm də müsəlman olan bir dövlətin quruma üzv olmasını qəbul edə bilmirlər”.
Hatəm Cabbarlı hesab edir ki, ABŞ administrasiyasının xarici, iqtisadi və təhlükəsizlik məsələlərinə mövcud xətlə münasibəti davam etməsi Avropa İttifaqı ilə münasibətləri də zədələyə bilər: “Fransadan sonra bu vəziyyətdən narahat olan ikinci bir dövlət Avropa Birliyinin lokomotivi sayılan Almaniyadır. Fransa və digər Avropa dövlətlərinin bu səpkidə bəyanatları, narazılıqlarını ifadə etməsi ABŞ administrasiyasının həyata keçirdiyi siyasi kursla razılaşmadıqlarını göstərir. Avropa İttifaqının ABŞ-la münasibətləri bundan sonra Trampın siyasi gələcəyinin necə olacağı ilə bağlıdır. Tramp hakimiyyətdə qalarsa, münasibətlərin daha da gərginləşməsi, ona qarşı impiçment məsələsi gündəmə gələrsə və iqtidardan gedərsə, münasibətlərin yenidən qaydaya düşməsi ehtimalı yüksəkdir”.
Məhəmmədəli QƏRİBLİ