Nəzakət Məmmədova: “Almaniya bu mövqeyini Avropa Birliyi, ATƏT platformalarında daha da aktivləşdirəcək”
Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk Qrupunda fəaliyyətimizi davam etdirəcəyik:
"Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik". Göründüyü kimi, Merkel münaqişə tərəflərini təmsil edən ölkələrə etdiyi səfər zamanı onda Dağlıq Qarabağ konflikti haqda aydın təsəvvürün yarandığını qeyd edib. Bu nə deməkdir və Almaniyanın bu istiqamətdə olan siyasətində nə gözlənir?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Merkelin bu fikri Avropa Birliyinin lider ölkələrindən birinin Birlik adından münaqişələrə beynəlxalq hüquq çərçivəsində yanaşmasının növbəti dəfə təkrar olunması demək idi: “Azərbaycanda dəfələrlə Almaniya və ya Türkiyənin ölkəmizin haqlı mövqeyinə ədalətli yanaşması inamına əsaslanaraq bu dövlətlərdən birinin Minsk Qrupu həmsədrliyinə namizədliyinin verilməsi məsələsi gündəmə gəlib.Bu, hazırkı Minsk Qrupunun münaqişəni illərdir həll etməməsinə, habelə həmsədr ölkələrin ermənipərəst mövqeyinə görə Azərbaycanın haqlı etirazının təzahürü idi.
ATƏT-in Minsk Qrupu ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Almaniya da o ölkələrdəndir ki, BMT Təhlükəsizlik Şurasına daimi üzv statusuna iddia edir. Almaniya hazırkı beynəlxalq münasibətlər sisteminin İkinci Dünya Müharibəsindən sonrakı reallıqları əks etdirdiyini bildirir. Halbuki, o zaman bu ölkə məğlub idi, indi isə dünyanın ən güclü inkişaf etmiş iqtisadiyyatına malik Böyük Yeddilərə daxildir.
Belə bir şəraitdə Qarabağ münaqişəsinin həlli səlahiyyətləri olan Minsk Qrupuna həmsədr seçilmək və 30 illik münaqişənin həllində iştirak Almaniyanın sülhyaratma missiyası sahəsində nüfuzunu yüksəldə və onu BMT Təhlükəsizlik Şurasında daimi üzvlük statusu qazanmasına yardım edə bilərdi.
Bu, eyni zamanda, Almaniya-Azərbaycan münasibətlərini xeyli dərəcədə yüksək səviyyəyə çıxararaq Azərbaycanın həyata keçirdiyi enerji layihələrində federativ alman dövlətinin bilavasitə rolunu artıraraq, onu Avropa qaz bazarında hegemon statusdan məhrum etməz, əksinə, daha da güclü mövqeyə çıxara bilərdi. Odur ki, xanım Merkelin alman dəqiqliyi ilə söylədiyi fikirləri təsadüfi hesab etmək olmaz. Azərbaycanın həyata keçirdiyi layihələrin gələcəkdə Qarabağın qaytarılmasında Almaniyanın dəstəyini qazanmağa da yardım edəcəyi istisna olunmur. Avropa Birliyi daxilində Almaniya kimi bir ölkənin Azərbaycana dəstəyi çox böyük əhəmiyyətə malik olardı. Üstəlik, xanım Merkelin Putinlə şəxsi dostluq münasibətləri və Rusiya-Almaniya həmrəyliyi problemin həllində böyük təkan ola bilər. Almaniya-Fransa rəqabəti də erməni diasporunun təsiri altında olan Fransanı neytrallaşdırmaqda əvəzsiz rol oynamaq gücündədir”.
Politoloqun sözlərinə görə, Merkelin bu fikirlərindən həm də belə aydın olur ki, o, konkret həll planı üzrə müşahidələr aparıb: “Biz Almaniyanın bu məsələdəki mövqeyini bilirik. Onlar münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin tərəfdarıdır. Bu da onu deməyə əsas verir ki, Almaniya bu mövqeyini Avropa Birliyi, ATƏT platformalarında daha da aktivləşdirəcək”.
Məhəmmədəli QƏRİBLİ