Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ola biləcəyinə dair son günlərdə səslənən fikirlər Ermənistanda indi kifayət qədər böyük narahatlığa rəvac verib. Düzdür, qeyd olunan xüsusda hər hansı rəsmi açıqlama verilməyib, sadəcə, müəyyən fikirlər səsləndirilib. Üstəlik, bunun ardınca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılması da Ermənistanda böyük rezonansa səbəb olub.
Qeyd edək ki, avqustun 16-17-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə bu hərbi blok yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması üçün məsləhətləşmələr keçirilib. KTMT-nin katibliyində keçirilən məsləhətləşmələrin yekunu olaraq müzakirə olunan sənədlərin razılaşdırılmış hesab olunması qərara alınıb. Yaxın vaxtlarda sənəd layihələrinin KTMT-nin xarici işlər nazirləri Şurasının, müdafiə nazirləri Şurasının, milli təhlükəsizlik şuraları katiblərinin iclasına, nəhayət KTMT-nin ali orqanının - Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılması gözlənir.
Onu da xatırladaq ki, bu günlərdə Azərbaycanın KTMT-də müşahidəçi statusunda, yaxud tamhüquqlu üzv kimi təmsilçiliyi məsələsi aktuallaşıb. Milli Məclisin Hüquqi məsələlər komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Əli Hüseynli bəyan edib ki, yeni geosiyasi şərtlərdə Azərbaycanın KTMT-də iştirakı məsələsinə baxıla bilər: “Müasir reallıqları, yeni geosiyasi vəziyyəti, Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də, mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar.
Azərbaycan hazırda digər regional hərbi-siyasi blokda - Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Eyni zamanda NATO ilə tərəfdaş ölkədir, amma alyansa tamhüquqlu üzvlüyü nəzərdən keçirmir”. Məhz bundan sonra KTMT-də müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılması məsələsinin aktualaşmasını ermənilər daha çox Azərbaycan faktoru ilə bağlamağa çalışır. Düzdür, ermənilər iddia edir ki, onların razılığı olmadan Azərbaycan quruma üzv ola bilməz. Amma məsələ burasındadır ki, KTMT-nin nizamnaməsinin dəyişməsi də aktualllaşıb və erməni şərhçi Akop Badalayan “Lragir”də yazdığı məqalədə Ermənistanın bu məsələdə qətiyyən hansısa rolunun olmadığını bildirir: “Azərbaycanın üzvlüyü KTMT-də türk amilinin xeyrinə balansın pozulması demək olacaq”. Rusiyanın “Rosbalt” portalı isə Azərbaycanın KTMT-yə qəbulu məsələsində Ermənistanın ciddi rolu olmayacağını, hər şeyi Moskvanın həll edəcəyini vurğulayır: “Moskva ona təzyiq göstərmək üçün rıçaqlar tapacaq. Və İrəvanın “hə-yox”unun KTMT üçün heç bir həlledici rolu olmayacaq”. “Rosbalt” Azərbacyanın KTMT-yə girdikdən sonra əldə edəcəyi üç üstünlükdən bəhs edib: “Birincisi, Azərbaycan Rusiyadan güzəştli qiymətlərlə silah ala biləcək. İkincisi, Rusiya Azərbaycanın tam tabeliyini yox, “Avrasiya loyallığını” əldə edəcək və onun çoxvektorlu xarici siyasətinə mane olmayacaq. Üçüncüsü, KTMT İrəvan və Bakının münasibətlərini Azərbaycanın maraqlarına daha az zərərə vurmaqla nizamlamağa çalışacaq”. Digər erməni politoloq Qriqor Balasanyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Azərbaycan KTMT-yə qoşulsa, bu, ittifaq daxilində ciddi problemlər yaradacaq. Politoloq iddia edir ki, Azərbaycan üzv olacağı halda, KTMT daxilində güclü türk bloku formalaşacaq: “Nəzərə almaq lazımdır ki, Qırğızıstan və Qazaxıstan kimi türk dövlətləri KTMT üzvüdür və Azərbaycan da bu quruma üzv olarsa, KTMT daxilində güclü türk bloku formalaşacaq. Belə desək, KTMT türklərin əlinə keçəcək. Onu da nəzərə alsaq ki, hər iki ölkə Azərbaycanı dəstəkləyir və digər müttəfiq dövlətlərdən də Azərbaycanı dəstəkləyənlər var, demək ki, Azərbaycanın bura üzvlüyü istiqaməti tamamilə dəyişəcək. Bu, KTMT-ni Azərbaycana vermək demək olardı”. Balasanyan hesab edir ki, Azərbaycanın KTMT-yə üzvlüyünə ehtiyac yoxdur: “Çünki Rusiya və Azərbaycan arasında inkişaf etmiş çoxşaxəli münasibətlər var. Rusiya Azərbaycana ən müasir silahlarını satır. Bu, Ermənistanı narahat etsə də, artıq gecdir. Etirazlara baxmayaraq, Rusiya Azərbaycana silah satır və bunun həcmi haqda bizdə dəqiq məlumat yoxdur”.
Qeyd edilənlərdən aydın görünür ki, Azərbaycanın KTMT-də adi müşahidəsi statusu əldə etməsi belə Ermənistanda böyük faciə sayılır.
Tahir TAĞIYEV