Akif Nağı: “Nikol Paşinyanda dövlətçilik təcrübəsi yoxdur, bu səbəbdən də məlum şəxsin dövləti idarə etməsi olduqca çətin məsələdir”
Nikol Paşinyanın Ermənistanı idarə etdiyi 100 gün ərzində ölkədə cinayətkarlıq 12,3 faiz artıb. Bu barədə Ermənistan polisinin qərargah rəisi Armen Qukasyan mətbuat konfransında bildirib. O bildirib ki, yüz gün ərzində geniş islahatların keçirilməsi mümkün olmasa da, bu, islahatları keçirən komandanın formalaşması və islahat yolunun mənimsənilməsi üçün kifayətdir.
Cinayətkarlığın artmasına gəlincə, Qukasyan qeyd edib ki, bunun səbəbi ötən dövrlərdə baş verən cinayət hadisələrinin qeydə alınmaması ilə bağlıdır. Əvvəlki rəhbərlikdən fərqli olaraq, biz cinayət faktlarını gizlətmirik: “Bu müddət ərzində 1200 ağır və 150 xüsusi dərəcədə ağır cinayət hadisəsi açılıb. O cümlədən 42 qətl, qətlə cəhd, 17 zorlanma, 130 yol-nəqliyyat hadisəsi və digər faktlar qeydə alınıb. Bundan başqa, 400 dəfə narkotiklərin qanunsuz dövriyyəsi və 100 dəfə isə xuliqanlıq cəhdlərinin qarşısı alınıb”.
N.Paşinyanın Ermənistanı idarə etdiyi 100 gün ərzində cinayətkarlığın 12,3 faiz artması barədə fikir bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qəzetimizə açıqlamasında bunun gözlənilən olduğunu qeyd etdi: “Nəzərə almaq lazımdır ki, Paşinyan küçə siyəsətçisidir. Küçənin hökmü və təzyiqi ilə ölkəni idarə etməyə çalışır. Onu da vurğulayım ki, onun oğlu da quldur kimidir. Bu səbəbdən də Ermənistanda cinayətkarlıq daha da artacaq.
Nəzərə almaq lazımdır ki, N.Paşinyanda dövlətçilik təcrübəsi yoxdur. O hansısa təşkilata rəhbərlik etməyib. Bu səbəbdən də onun dövləti idarə etməsi olduqca çətin məsələdir. Paşinyan hakimiyyəti bir müddət daha davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Çünki ölkəyə nəzarət istənilən səviyyədə deyil. Paşinyan hakimiyyətdə olduğu müddətdə cinayətkarlıq daha da artacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, ermənilər zorakılığa meyllidirlər. Bu onların xarakterinə məxsusdur. Onlar anarxiya, quldurluq, zorakılıqda maraqlıdırlar.
Günel CƏLİLOVA