Nəzakət Məmmədova: “Bizim Almaniya hökumətindən həmin adamlar barəsində ölçü götürməklə bağlı gözləntilərimiz var”
Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz regionuna üçgünlük səfərdədir. O, Gürcüstan, Azərbaycan və Ermənistana səfər edərək, bu ölkələrin rəhbərlikləri ilə danışıqlar aparacaq.
Almaniya hökumətindəki mənbələrin məlumatına görə, rəsmi Berlin regionun siyasi və iqtisadi inkişafında maraqlıdır.
Bildirilir ki, A.Merkel Bakıya səfəri zamanı Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsi danışıqların gündəliyində duracaq. Bu baxımdan maraqlıdır, Merkelin Azərbaycana edəcəyi səfər və burada keçirəcəyi görüşlər digər iki ölkə ilə müqayisədə hansı özəllikləri ilə fərqlənəcək?
Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, xanım Merkelin səfəri ümumi Cənubi Qafqazı əhatə etsə də, həmin ölkələrlə bağlı ayrı-ayrı yanaşma tərzi mövcuddur: “Bu ölkələr konfederasiya deyil ki, münasibət eyni olsun. Almaniya regionun xüsusiyyətinə dərindən bələddir. Buna görə də xanım Merkelin səfərində biz fərqli yanaşmanı hiss edəcəyik. Bu kontekstdə Azərbaycan Cənubi Qafqazın ən önəmli ölkəsidir. Biz daha müstəqilik, enerji resursları ilə zənginik. Həmçinin, biz Xəzər vasitəsilə Mərkəzi Asiyaya açılan qapıyıq. Almaniya tarixi baxımından Gürcüstanla da yaxın olub. Hətta bir vaxtlar Gürcüstan həmin ölkənin protektaratında olub. Bu telləri Almaniya hər zaman qoruyur. Təsadüfi deyil ki, Gürcüstana çoxlu sayda yardımlar edib. Cənubi Qafqaz ölkələrinin həm də İranla sərhədi var. Bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biri də bu mövzudur. Bilirsiniz ki, Almaniya ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara müqavimət göstərən ölkədir. Merkelin hər bir Qafqaz ölkəsi ilə danışıqları fərqli və spesifik olacaq. İlk növbədə Almaniya çalışacaq ki, İranla həmsərhəd olan Ermənistandan ABŞ İrana qarşı istifadə etsin. Yəqin ki, Merkel Paşinyanla danışıqlarda bu məqama xüsusi olaraq toxunacaq. Yəni Ermənistanın mövqeyini neytrallaşdıracaq. Almaniyanın Rusiya ilə də münasibətləri hər zaman yaxşı olub. Bu baxımdan da Merkel məsələlərə ölkələrin Rusiya ilə olan münasibətləri kontekstindən də yanaşacaq. Gürcüstanla Almaniyanın münasibətləri normaldır. Berlin qonşumuzu hər zaman dəstəkləyib. Onlar Gürcüstanın tam olaraq Avropaya inteqrasiyasını istəyir. Xüsusilə də NATO-ya üzvlüyü bura aid edə bilərik”.
Politoloqun sözlərinə görə, Azərbaycan-Almaniya münasibətlərində bir qədər problemlər də mövcuddur: “Bunlardan ən başlıcası Azərbaycandan gedən əksər mühacirlərin məhz Almaniyada sərbəst fəaliyyət göstərməsidir. Təbii ki, onlar qanunazidd fəaliyyət göstərdiyi üçün, bizim Almaniya hökumətindən həmin adamlar barəsində ölçü götürməklə bağlı gözləntilərimiz var. Mən həmin adamların Almaniyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqlarını da istisna etmirəm. Azərbaycan iki Qafqaz ölkəsilə müqayisədə müstəqil siyasət yürüdür. Ölkəmiz Avropanın enerji təminatı olan ölkədir. Gürcüstan isə bu layihələrdə yalnız tranzit rolunu oynayır. Ermənistan isə həmin layihələrdən tam təcrid edilib. Belə bir şəraitdə Azərbaycanın müstqəil siyasəti Rusiyanın enerji dominantlığına mane olur. Çünki bu istiqamətdə Rusiya ilə Almaniyanın birgə layihələri var ki, onlar Avropanı öz enerji asılılğında saxlamaq istəyirlər. Azərbaycan isə onlara alternativ olan layihələr ərsəyə gətirib. Merkelin Azərbaycanda keçirəcəyi görüşlərdə yəqin ki, Türkiyə ilə də bağlı müzakirələr aparılacaq. Çünki biz Türkiyənin ən yaxın müttəfiqi və dostuyuq. Almaniya ilə Türkiyə arasında isə bir sıra sahələrdə ciddi rəqabət və həlli vacib olan məsələlər var. Bizdən də İran məsələsində dəstək istənilə bilər. Kansler xahiş edə bilər ki, bu məsələdə biz daha çox Avropa Birliyinin marağına yaxın olaq. Merkel digər region ölkələrinə tələblər və şərtlər irəli sürə bilər, Azərbaycandan isə ancaq xahiş edə bilər. Onlar gözəl bilirlər ki, bizimlə şərt dildə danışmaq mümkün deyil. Belə olsaydı, biz vaxtilə onların enerji layihələrinə alternativ olan işləri həyata keçirə bilməzdik”.
Məhəmmədəli QƏRİBLİ