Daşdəmir Əliyev: “Moskva sərhədi qorumağı asanlıqla Paşinyana güzəştə getməyi düşünmür”
Ermənistanın baş naziri Nikol Paşinyan daxildəki polis qoşun bölmələrinin sərhədlərin qorunması əməliyyatında iştirak etməsinə qərar verib. Erməni mətbuatı yazır ki, “Daxili Qoşunlar haqqında” Qanuna görə, bu qoşunlar həm də ölkənin müdafiəsində iştirak etməlidir.
Ancaq buna qədər Daxili Qoşunlardan yalnız etiraz hərəkatlarını yatırmaq üçün istifadə edilib. Ermənistanın polis rəisi Valeri Osipyan Daxili Qoşun hissələrində görüş keçirib. Bildirib ki, o, Müdafiə Nazirliyindən bununla bağlı təklif alıb və razılaşıb. Eyni zamanda, vurğulanıb ki, polisin sərhəd bölgələrində yerləşdirilməsi N.Paşinyanın qərarıdır. Ermənistan Daxili Qoşunlarının ilk bölmələri artıq avqustun 23-də Azərbaycanla sərhədə göndərilib. Erməni mətbuatı, həmçinin, qeyd edir ki, milli qoşun növlərindən Ermənistanın Türkiyə və İranla olan sərhədlərində də istifadə olunacaq. Bu da o anlama gəlir ki, Paşinyan hazırda deyilən yerlərdə xidmət aparan rus sərhədçilərini milli qoşun növlərilə əvəz etməyi planlaşdırır. Çünki Ermənistan müstəqillik qazandıqdan indiyə kimi onun Türkiyə və İranla sərhədlərini rus sərhədçiləri qoruyub. Belə bir qərar Rusiya ilə Ermənistanın münasibətlərinə hansı formada təsir edəcək?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Ermənistanın Daxili Qoşun növlərindən onun sərhədlərinin qorunmasında istifadə ilə bağlı verilən qərarı bir neçə aspektdən şərh edə bilərik: “Bizə məlumdur ki, Ermənistan ordusunun sərhəd boyu postlarında canlı qüvvə çatışmadığı üçün, yaxınlıqdakı kəndlərin mülki sakinləri müəyyən muzd qarşılığında postlarda növbətçiliyə çıxırdı. Bunun bir səbəbi əsgər və zabit çatışmazlığı ilə bağlıdır. Çünki Ermənistanın daxilindəki demoqrafik vəziyyət və ordudakı neqativliklər kütləvi fərariliyə səbəb olur ki, bu da kütləvi kadr qıtlığı ilə nəticələnir. Təbii ki, Ermənistan hakimiyyəti bütün sərhədlər deyəndə həm də rus sərhədçilərin xidmət apardığı Türkiyə və İran sərhədlərini də nəzərdə tutur. Bu aspektdən isə vəziyyət bir qədər fərqlidir. Bununla Ermənistan rus asılılığından birdəfəlik azad olmağı planlayır. Rus sərhədçilərilə bağlı məsələ hələ ötən ildən baş qaldırmağa başladı. Həmin vaxt baş verən bir hadisə Ermənistanın ipinin Rusiyanın əlində olmasını daha əyani sübut edirdi. Belə ki, Ermənistandakı rus sərhədçiləri həmin ölkənin hakimyyət orqanlarına İrəvan-Gorus-Mehri magistralının İranla sərhədinədək olan 40 metlik bir sahəsini təmir etməyə icazə verməmişdilər. O vaxt ölkə ictimaiyyətinin böyük əksəriyyəti israrla rus ordusunun Ermənistandan çoxdan çıxmalı olduğunu bildirirdi. Bütün bu rəzilliklərə baxmayaraq, Ermənistan hakimyyəti bu qalmaqalın üstünü ört-basdır etməklə, rus sərhədçilərini qorumaq məcburiyyətində qalıb. Ermənistan 1992-ci ildə özü sazişə imza ataraq İran və Türkiyə ilə sərhədlərinin qorunmasını rus sərhədçilərinə həvalə edib. Sözsüz ki, 26 il əvvəl Azərbaycanla müharibə aparan Ermənistanın öz sərhədlərini qorumağa cürəti çatmadı. Ona görə də ermənilər həm sərhədlərinin, həm də strateji dövlət obyektlərinin qorunmasını rus sərhədçilərinə tapşırdılar. Paşinyan hakimiyyətə gələndən sonra isə bu məsələ bir az da qabarmağa başladı.
Rusiyanın Ermənistandakı təsirini azaltmağa çalışan Paşinyan bu addımı ilə gərginliyi daha da dərinləşdirə bilər. Çünki Rusiya üçün cənub sərhədlərinə nəzarəti əldə saxlamaq olduqca önəmlidir və Moskva sərhədi qorumağı asanlıqla Paşinyana güzəştə getməyi düşünmür. Ermənistanın isə bu istiqamətdə Rusiyaya təzyiq etmək kimi gücü yoxdur. Çünki Ermənistanda olan rus qoşunları yalnız sərhədçilərdən ibarət deyil. Bura böyük diviziyaları da aid edə bilərik.
Hazırda Ermənistanda çox ciddi bir xaotik durum hökm sürür. Ölkədə konstitusiya böhranı yaşanır, iqtisadiyyat bərbad gündədir, üstəlik də bu məsələ Ermənistanı daha da sarsıda bilər. Paşinyanın bu qərarı Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək”.
Məhəmmədəli QƏRİBLİ